Rəhim Həsənovun mübahisəli epizod haqq-hesabı: “Ya bir olar, ya iki” - VİDEO
“Ya bir olar, ya iki”. AFFA Hakimlər Komitəsinin V turdakı mübahisəli epizodlara münasibətini izləyəndə adamın yadına məhz bu məşhur mahnı düşür.
Əslində Azərbaycan futbolunda bir tur ərzində mübahisəli hakim qərarlarının sayı bundan qat-qat çox olmalıdır. Amma onların hamısına münasibət bildirmək lazım gələndə nədənsə siyahı qısalır: ya bir olur, ya iki.
Bir epizod seçilir, təhlil edilir, hakimin qərarının doğru və ya səhv olduğu açıqlanır. Digəri isə sanki ümumiyyətlə olmayıb. Bir klubun lehinə verilən qərar gündəmə gətirilir, həmin klubun əleyhinə olan mübahisəli epizod isə səssizcə ötürülür.
Belə yanaşma artıq sadəcə hakim səhvi məsələsi deyil. Burada söhbət mübahisəli epizodların özünə münasibətdə seçicilikdən gedir.
Ya bir, ya iki…
V turun müzakirəsinə baxanda Rəhim Həsənov cəmi iki epizod barədə danışıb: Biri düz, biri səhv.
Bəs qalanları?
Düzgün qərar “Kəpəz” – “Qəbələ” oyununda qonaqların lehinə penaltinin təyin edilməməsidir.
Səhv qərar isə odur ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda Elçin Məsiyevin VAR-a baxdıqdan sonra penalti təyin edib.
Bu, adi meydan epizodu deyil. FIFA referisi olan hakim monitor qarşısına gedib görüntünü təkrar izləyib və qərarını dəyişməyib.
Əgər həmin qərar səhv idisə, ən vacib sual budur: VAR-a baxan hakim nə gördü?
Əgər qərar doğrudursa, o zaman bunun əsaslandırılması niyə ictimaiyyətə təqdim olunmasın?
Çünki görüntü var. Epizod var. VAR baxışı var. Hakimin qərarı var.
Deməli, izah üçün material da var.
Amma məsələ bu iki epizodla bitməməli idi.
“Zirə”yə gələndə niyə sükut?
“Zirə” – “Qarabağ” oyununda da müzakirəyə açıq epizod baş verib.
İssa Cibrilaya qarşı sərt hərəkət edən Bentse Varkonyiyə sarı vərəqə göstərilib. Burada da hakim qərarının düzgünlüyü barədə sual yaranır.
Sarı vərəqə kifayət idimi?
Epizod qırmızı vərəqə həddinə çatırdımı?
Hakim niyə məhz bu qərarı verdi?
Bunların hamısı təhlil oluna bilər.
Amma təhlil olunmur.
Niyə?
Əgər “Zirə”nin lehinə verilən mübahisəli qərarlar ayrıca qabardılırsa, komandanın əleyhinə verilən mübahisəli qərarların da eyni şəkildə təhlil olunması məntiqli deyilmi?
Əks halda futbol ictimaiyyətində belə təsəvvür yaranır ki, “Zirə”yə aid mübahisəli epizod yalnız klubun lehinə olanda müzakirəyə dəyər.
Bu isə obyektiv hakimlik təhlili deyil.
Bəlkə ona görə qabardılmadı ki, bu oyunda hakim-inspektor Rəhim Həsənov idi və qırmızı vərəqə olmadığını VAR yox, məhz onun özü diktə edib, başqa sözlə VAR əvəzinə özü qərar verib?
Problem səhvdə yox, seçimdədir
Heç kim hakimdən bütün epizodlarda səhvsiz olmağı tələb etmir.
Hakim səhv edə bilər.
VAR hakimi də səhv edə bilər.
Amma Hakimlər Komitəsinin vəzifəsi səhvləri seçmək deyil, onlara eyni meyarla yanaşmaqdır.
Bir epizod mübahisəlidirsə, təhlil edilsin.
İki epizod mübahisəlidirsə, ikisi də təhlil edilsin.
Beşdirsə, beşi.
Yoxsa doğrudan da ortaya “ya bir olar, ya iki” mənzərəsi çıxır.
Məqsəd hakimlikdə şəffaflıq yaratmaqdırsa, mübahisəli epizodların sayını azaltmaq yox, onların hamısına münasibət bildirmək lazımdır.
Çünki müzakirə edilməyən səhv yoxa çıxmır. Sadəcə cavabsız qalır.
Kimə necə münasibət göstərilir?
Ən təhlükəli məqam da budur.
Bir klubun lehinə verilən qərar müzakirəyə çıxarılırsa, həmin klubun əleyhinə verilən qərar da masaya qoyulmalıdır.
“Turan Tovuz”un sayılmayan qoluna münasibət bildirilirsə, “Turan Tovuz”un əleyhinə verilən mübahisəli penalti də izah edilməlidir.
“Zirə”nin lehinə olan qərar gündəmə gətirilirsə, “Zirə”nin əleyhinə olan qərar da eyni diqqətlə araşdırılmalıdır.
Əks halda ortada hakimlik təhlili yox, seçilmiş epizodlar siyahısı yaranır.
Və bu siyahının adı nə qədər rəsmi səslənsə də, futbol ictimaiyyətinin sualı dəyişmir:
Niyə bu epizod var, o biri yoxdur?
Niyə bu səhv izah edilir, o biri unudulur?
Niyə bir klubun lehinə qərar müzakirə olunur, əleyhinə qərar isə səssiz qalır?
Axı hakimlikdə də qayda eynidir:
Ya bir olar, ya iki… Amma ədalət varsa, hamıya eyni olar.



No Comment! Be the first one.