Rəşad Eyyubov: Biz heç kimin üslubunu təkrarlamırıq - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Omanın U-23 yığmasına 2:1 hesabı ilə qalib gəldikləri ilk yoxlama oyunundan sonra Sportify.az-a müsahibə verib.
34 yaşlı mütəxəssis qarşılaşmanı dəyərləndirib, heyətdəki dəyişikliklərdən, xarici ölkələrdə yetişən azərbaycanlı futbolçuların potensialından, əsas milliyə namizədlərdən və komandanın oyun sistemindən danışıb:
– Görüşü necə dəyərləndirərdiniz?
– Yaxşı rəqibə qarşı oynadıq. İntensiv çıxış etdik. Lakin bu, hələ bir oyundur. Yolumuz uzundur.
– Fasilədə komandanıza nə dediniz?
– Bəzi mövqelərdə, pressinqlərimizdə dəyişiklik etdik. Buraxdığımız qol səhvimizdən vuruldu. Müdafiəçimiz topa çıxmaq istəyirdi. Bu zaman qapıçı ilə anlaşılmazlıq yarandı və top tora daxil oldu. Bu avtoqol bizə bir qədər problem yaratdı. İlk yarıda, yüzfaizlik olmasa da, bizim də qol imkanlarımız var idi. Bu avtoqol olmasaydı, düşünürəm ki, fasiləyə bərabərliklə çıxacaqdıq.
– Bu gün meydana buraxdığınız heyət son seçmə tsikldəki komanda ilə müqayisədə nə qədər dəyişmişdi və necə təsir bağışlayırdı?
– Heyətimiz 90 faiz dəyişmişdi. Əsas problemimiz intensivliklə bağlıdır. Əvəzedicilər liqasında belə səviyyədə oyunlar keçirmək çətindir. Bu liqada oynayan futbolçunun U-21 millisinə fiziki hazırlıq və intensivlik sarıdan adaptasiya olunması çox çətindir. Ən böyük fərq bundadır.

– Əcnəbi klublardan milliyə dəvət etdiyiniz futbolçular özlərini necə göstərdilər?
– Onlara legioner deməzdim, hamısı azərbaycanlıdır. Xarici ölkələrdə doğulsalar da, valideynləri öz millətimizdəndir. Hamısı futbolçu kimi doğulduqları ölkələrdə yetişib. Düşünürəm ki, bizə kömək edəcəklər. Omanla qarşılaşmada 3 belə oyunçuya şans verdik. Ümumilikdə hər birindən razı qaldım.
– Xarici futbol məktəblərinin səviyyə fərqi hiss olunurmu?
– Yetişmə mühitləri və futbolçu keyfiyyətləri sarıdan seçilirlər. Hiss olunur ki, məktəb fərqlidir. Demirəm ki, bizdən yaxşı və ya pisdirlər. Sadəcə, fərqlidirlər.
– U-21 Omanın U-23 yığmasına qalib gəldi. Özlərindən yaşca böyük komandaya qalib gəldiklərini nəzərə alsaq, Azərbaycan millisinin çıxışını müsbət qiymətləndirmək olarmı?
– Bu, sadəcə, uzun yolda başlanğıc addımdır. Ona görə də indidən qiymət vermək bir qədər tezdir. Sadəcə, nəticə uğurlu oldu.
– Əsas milliyə hazırkı heyətdən bir neçə oyunçu getdi. Sizcə, daha çox futbolçunuz layiq deyildi?
– Xeyr, məncə, elə Nihad Əhmədzadə və Murad Məmmədov layiq idi. Ötən seçmə tsikldə U-21 yığmasında çıxış etmiş futbolçulardan ümumilikdə 8-i artıq əsas millidə debüt edib. Böyük fərq, böyük futbol başlayır. Rəqabətdə kim daha yaxşı formada olacaqsa, o da müntəzəm dəvət alacaq. Qalan oyunçularımız üçün isə hələ tezdir.
– Bəs onların aqibətləri necə olacaq?
– Problem ondadır ki, bu oyunçuların özləri də potensiallarının harada olduğunu bilmirlər. Çünki ətraflarından heç kim onları daha da çox meydanda olmağa məcbur etmir. Bu da onlara problem yaradır. Hazırkı yaşları isə yenidən U-21-ə çağırılmağa uyğun gəlmir. Çünki artıq 2006-cı il doğumlu futbolçuları dəvət edirik.

– Millidə nələri daha çox dəyişmək istərdiniz?
– İstərdim ki, topla daha çox oynayaq, hesabda geridə olanda oyunumuzu itirməyək, oyuna mental hazır olmaqda davam edək.
– Bəs taktiki düzülüş və hazırlıq baxımından necə: Əsas milliyə baş məşqçi gedən Ayxan Abbasovun taktikası ilə davam edirsiniz, yoxsa fərqli düzülüşlə oynayırsınız?
– Xeyr, biz heç kimin üslubunu təkrarlamırıq, təkrarlamaq istəmirik və təkrarlamaq uyğunsuzdur. Çalışırıq ki, bütün futbolçulara və bizim futbola baxışlarımıza uyğun taktikadan yararlanaq.
– Hər bir yığmanın öz sistemi olur və bu, digər komandalara da sirayət edir…
– Xeyr, bizdə o sistem yoxdur. Qarşımızda elə bir məqsəd yoxdur ki, əsas milli ilə eyni sistemdə çıxış edək.



No Comment! Be the first one.