Rəşad Sadıqov Kurban Berdiyevi ifşa etdi - VİDEO
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hazırda “Turan Tovuz”da çalışan həmkarı Kurban Berdiyevi ifşa edib.
Sportify.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis Tovuz komandasına 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VI tur matçından sonra şok açıqlama verib.
O, Berdiyevin Rusiya klublarındakı fəaliyyəti dövründə baş verənlərə eyham edərək bunları deyib: “Məsələ bəyanatla bağlıdırsa, biz də bəyanat yaza, təzyiq göstərə bilərik. Mən də deyə bilərəm ki, 50 ilə yaxındır belə epizod görməmişəm. Misallar gətirə bilərəm. Halbuki hamımız futbolda səhvin səhv olduğunu bilirik. Amma görməmişəm demək… Hamımız bilirik ki, Rusiya çempionatında hansı penaltilər verilib, ofsayd vəziyyətlərindən necə qollar sayılıb, hakimlər oyunlara necə təsir edib”.
Sadıqovun fikrincə, eyni qaydada hakimlər üzərində təzyiq yaradılır: “Mən bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlərimiz belə bir təzyiq altına düşməyəcəklər. Amma artıq son turlardan bunu hiss edirəm. Keçən turdan başlayaraq, bəzi oyunlarda hakimlər üzərində təzyiqlər var”.
Qeyd edək ki, Kurban Berdiyev Rusiyada 2001 – 2013 və 2017 – 2019-cu illərdə “Rubin”in baş məşqçisi, paralel olaraq, 2004 – 2012-ci illərdə klubun vitse-prezidenti, 2016-2017-ci illərdə “Rostov”un vitse-prezidenti və məşqçi-məsləhətçisi, 2023-cü ildə “Soçi” və “Dinamo Mahaçqala”nın baş məşqçisi kimi çalışıb. O “Rubin”lə 2 dəfə (2008, 2009) Rusiya çempionu, 2 dəfə (2003, 2010) gümüş medalçı, 2 dəfə (2010, 2012) Superkubokun qalibi, 1 dəfə (2011/2012) ölkə kubokunun və 1 dəfə (2010) Birlik Kubokunun sahibi, “Rostov”la isə 1 dəfə 2015/2016) gümüş medalçı olub.



No Comment! Be the first one.