“Şəfa”nın legioneri: Milli fasilədən sonra daha çox xal qazana bilərik
Misli Premyer Liqasının VI turunda “Qarabağ” doğma meydanda “Şəfa”nı 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Şəfa”nın üzvü David Pop Sportify.az-a açıqlama verib.
– Oyun haqqında fikirləriniz necədir?
– Oyun gözlədiyimiz kimi ağır keçdi. Bilirsiniz ki, “Qarabağ” ardıcıl neçə ildir Avropada çıxış edir. Ona görə də bizim üçün çətin idi. Düşünürəm ki, yaxşı oynadıq.
– Penalti epizodunda hakimin qərarı doğru idi?
– Həmin an mən isinmədə idim və epizodu canlı olaraq görə bilmədim. Ancaq eşitdiklərimə görə deyə bilərəm ki, top ayaqdan çıxaraq ələ dəyib. Düşünürəm ki, penalti olmamalı idi. Amma yekun qərarı hakim verir. Düşünürəm ki, hakimlər ən doğru qərarı verməyə çalışırlar.
– Penaltiyə qədər komanda yaxşı çıxış edirdi. Bu epizoddan sonra sanki motivasiyanız aşağı düşdü.
– Düzdür, xal almaq üçün şanslarımız var idi. Penaltiyə qədər mübarizə aparırdıq, döyüşürdük. Müasir futbol belədir. Ən kiçik səhv belə bağışlanmır. Oyunda “Qarabağ” daha üstün tərəf idi. Buna baxmayaraq, biz də sona qədər mübarizə aparırdıq.
– “Şəfa” milli fasiləyə qədər cəmi bir qələbə qazanıb. Fasilədən sonra komanda xallar qazana bilər?
– Doğrudur, 18 mümkün xaldan cəmi 3 xal götürə bilmişik. Bu, çox azdır və bunun fərqindəyik. Nəzərə almaq lazımdır ki, liqanın ən yaxşı komandaları ilə ardıcıl qarşılaşdıq. Düşünürəm ki, cədvələ baxanda milli fasilədən sonra daha çox xal götürə bilərik.



No Comment! Be the first one.