“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar
“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
Sportify.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi buna pley-offda İsrail klubu “Hapoel Beer Şeva”nı mübarizədən kənarlaşdırmaqla nail olub – 1:2, 5:2 (ə.v.).
Ölkə futbolu tarixində 3-cü dəfə təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq. Bunadək “Qarabağ” 2017/2018 və 2025/2026 mövsümlərində belə nailiyyətə imza atıb.
Bu uğur sayəsində “Sabah” bir neçə rekordla ölkə futbolu tarixinə düşüb. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasındakı debüt mövsümündə əsas raunda qədər irəliləyən ilk Azərbaycan komandasıdır.
Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv həm də UEFA Çempionlar Liqasında 4 mərhələ adlayaraq əsas raunda vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olub.
Ümumilikdə isə tarixdə 3-cü dəfə Azərbaycan klubu əsas mərhələyə qədər 4 tur keçib. “Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində UEFA Avropa Liqasında 4 komandanı mübarizədən kənarlaşdırdıqdan sonra qrupa vəsiqə əldə edib.
“Sabah” “Hapoel Beer Şeva”ya qədər I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”u (1:0, 2:0), III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubunu (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.
Bundan başqa, “Sabah” qələbə sayında da rekord vurub. Masazır təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da qrup və ya liqaya yüksələnədək 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013/2014, 2023/2024 və 2025/2026 mövsümlərində “Qarabağ”, 2016/2017 mövsümündə “Qəbələ” 5 qələbə qazanıb.
“Sabah” cari mövsüm Azərbaycanın UEFA reytinqinə 1,500 xal qazandırıb. Bu, təsnifat və pley-off mərhələləri üçün ölkə futbolu tarixinin rekordunun təkrarıdır. 2023/2024 mövsümündə “Qarabağ” 5 qələbə və 2 heç-heçə ilə eyni göstəriciyə – 1,500 xala sahib çıxıb.



No Comment! Be the first one.