“Sabah”ın dəvəti baha başa gəldi: Biznes-klas və yüksək qonorar istədilər
“Sabah” klubunun Çexiyanın “Slaviya Praqa” komandası ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçına dəvət etmək istədiyi bəzi inflüenserlər təklifdən imtina ediblər.
Sportify.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında maddi məsələlərdə razılıq əldə olunmayıb.
Kimisi Azərbaycan klubunun qarşısında yüksək qonorar tələbi irəli sürüb, kimisi isə təyyarədə yalnız biznes-klasda uçmaq istədiyini bildirib.

Türkiyəli inflüenserlərin bir qismi isə başqa səbəbdən dəvəti qəbul etməyib. Eyni gündə “Qalatasaray”ın İspaniya “Barselona”sı ilə İstanbulda qarşılaşması onların seçimlərinə təsir göstərib.
Nəticədə “Sabah”ın Çempionlar Liqası matçı ətrafında yaratmaq istədiyi sosial media marağı üçün bəzi dəvətlər gözlənilən nəticəni verməyib.

Lakin dəvətə müsbət cavab verənlər də olub. Bunlardan biri ötən mövsüm “Qarabağ”ın oyunlarını işıqlandırmış türkiyəli şərhçi Ertem Şenerdir. Şener “Sabah” klubunun şam yeməyində də iştirak edib.

Hətta klub onun şərəfinə üzərinə “Xoş gəldin, Ertem bəy” yazılmış tort da sifariş edib. Şener qonaqlıqdan fotolarını sosial şəbəkə hesablarında paylaşıb.

“Sabah”ın dəvəti ilə Bakıya gələn daha bir türkiyəli bloger isə “Fənərbağça”lı kimi tanınan sabiq futbolçu Nevzat Özkurdur. O, Bakıya sevgilisi ilə gəlib və paytaxtdan fotolar paylaşıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya Praqa” matçı saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.