"Sabah"ın potensialı imkan verir ki, istədiyinə nail olsun"
“Komandanın potensialı, istəyi çox böyükdür. Bunu heyətdəki futbolçular da dərk edir, oyunlara maksimum köklənirlər və onlarda alınır da”.
Bunu Sportify.az-a açıqlamasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının məşqçisi Vaqif Cavadov “Sabah”ın bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışlarını dəyərləndirərkən deyib.
Sabiq hücumçu Azərbaycan çempionunun İsrailin “Hapoel Beer Şeva” kollektivinə qarşı keçirəcəyi pley-off oyunlarındakı şanslarını da dəyərləndirib: “Çoxları “Sabah”ın Danimarka çempionu “Orhus”u keçəcəyinə inanmırdı. Amma III təsnifat mərhələsinin cavab görüşündə çox yaxşı oyun nümayiş etdirərək, böyük hesablı qələbə qazandılar. Bu da komandanın gücündən xəbər verir. Növbəti oyunun necə alınacağını sadəcə gözləməli olacağıq. Amma yenə də “Sabah”ın potensialı ona imkan verir ki, istədiyinə nail olsun. Digər tərəfdən, klub ən azı Avropa Liqasının əsas mərhələsində iştirakını təmin edib. Bu da böyük nailiyyətdir”.
Cavadovun fikrincə, “Sabah”ın növbəti illərdə də layiqinci mübarizə aparmaq üçün çox böyük potensialı var: “Çox istərdim ki, “Sabah” da avrokubokların əsas mərhələsində çıxış etsin. Biz də bir mütəxəssis və azarkeş kimi onların oyunlarına baxaraq sevinək”.
Onun sözlərinə görə, legioner limitinin ləğvi milli üçün olmasa da, klublara uyğun sistemdir: “Bu səbəbdən, limitlə bağlı məqamlar da, müzakirələr də çoxdur”.
Qeyd edək ki, “Sabah” “Hapoel Beer Şeva” ilə ilk görüşünü bu gün keçirəcək. Rumıniyanın paytaxtı Budapeştdə təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü isə avqustun 25-də gerçəkləşəcək.


No Comment! Be the first one.