“Sabahın ulduzları” beynəlxalq turnir olacaq
“Uşaq futbolu bundan sonra da AFFA-nın ən böyük prioriteti olacaq. Əsas hədəf və qüvvələrimiz uşaq futboluna yönələcək. Əminəm ki, bugünkü 14 – 16 yaşlı uşaqlar gələcəyin güclü millisini, güclü Azərbaycan çempionatını formalaşdıracaqlar”.
Sportify.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun yeni layihəsinin təqdimat mərasimində deyib.
Baş katib bildirib ki, 2026-cı ili AFFA üçün uşaq futbolu ili kimi qeyd etmək olar: “Bir çox layihələrə start verildi. Əvvəllər mövcud olmuş uğurlu layihələri bərpa etdik. Bütün bunlar yeniyetmə və uşaq futbolunun inkişafına səbəb olan addımlardır. Ən möhətəşəm layihə isə U-15 dünya çempionatı və festivalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizə belə bir etimad göstərilib. Bu, böyük miqyaslı tədbirdir. Tədbirdən əlavə, qurduğumuz yeni infrastruktur, 10 meydançalı yarış və məşq mərkəzi möhtəşəm nümunədir. Dünya çempionatı bitdikdən sonra bu möhtəşəm infrastruktur uşaq və gənclər futboluna böyük töhfə verəcək. Hazırda Hövsan Yaşayış Kompleksində son quruculuq işləri gedir. Ən müasir, dünyanın ən yüksək standartlarına cavab verən 10 meydança istifadəyə veriləcək və bilavasitə uşaq futbolunun inkişafına, yeni istedadların üzə çıxmasına böyük təkan olacaq”.
Fərəcullayevin sözlərinə görə, ilin əvvəllərində istifadəyə verilmiş Eyeball layihəsinin kimin istedadlı olub-olmamasını çox yaxşı göstərir: “Oradan gələn data və görüntülü analizlər uşaqların fərqli bacarıqlarını bizə aydın şəkildə nümayiş etdirir. Bu, yalnız bizim fikrimiz deyil. Bir çox klub bu layihədən yararlanır. “Sabahın ulduzları” turnirində klub nümayəndələri bizimlə söhbətlərində də etiraf edir ki, bu uşaqlarda yeni maraqlı keyfiyyətlər görürlər. Eyeball uşaqların daimi performansını, oyunçuların istedalarının hansı istiqamətdə inkişaf etdiyini göstərir, məşqçilərə yardımçı olur”.
Baş katibin fikrincə, belə layihələr uşaqlarda motivasiya, istək yaradır. Ən böyük məqsəd də budur: “Bu ilin ən möhtəşəm, uşaq futbolunu irəli aparan işlərimizdən biri Bakı Futbol Federasiyası ilə birlikdə həyata keçirdiyimiz “Sabahın ulduzları” Bakı Kuboku oldu. Bu turnir əvvəllər də olub, biz bərpa etdik. “Sabahın ulduzları” U-15 dünya çempionatı üçün bizə seçim baxımından kömək etdi. Dünya çempionatında çıxış edəcək heyətdəki futbolçuların 100 faizi bu turnirdə iştirak edib və öz məharətlərini göstərib. Turnir valideynlər, sosial media tərəfindən çox yaxşı rəylər toplayıb. Növbəti ildə bu yarışı iki mərhələləli edərək, beynəlxalq turnirə çevirmək istəyirik. İndidən Bakı Futbol Federasiyası ilə birlikdə bu format üzərində çalışmağa başlamışıq”.



No Comment! Be the first one.