Salto ilə asist edən iranlı futbolçu: Uşaqlıqda gimnastika ilə məşğul olmuşam
Rusiyanın “Spartak” (Kostroma) klubunda çıxış edən iranlı müdafiəçi Nader Məhəmmədi I Liqanın “OİK-Xabarovsk”la oyununda qeyri-adi assisti ilə gündəmə gəlib.
Sportify.az xəbər verir ki, V turda keçirilən və “Spartak”ın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın 83-cü dəqiqəsində Məhəmmədi autu yerinə yetirərkən əvvəlcə salto atıb, daha sonra topu cərimə meydançasına göndərib. Onun ötürməsindən sonra Sergey Buqriyev başla topu rəqib qapısından keçirib.
İranlı futbolçu epizodun təsadüfi olmadığını bildirib: “Uşaqlıqda gimnastika ilə məşğul olmuşam. Futbolda da kiçik yaşlarımdan salto ilə aut atmağı məşq etmişəm. Bu üsulla ilk məhsuldar ötürməni təxminən yeddi il əvvəl İranda etmişəm. Karyeram ərzində belə ötürmələrlə 10-dan çox assist vermişəm. Rusiyaya dəvət alanda əmin idim ki, burada da bunu edə biləcəyəm”.
Qeyd edək ki, Nader Məhəmmədinin bu qeyri-adi texnikası qarşılaşmanın ən çox müzakirə olunan epizodlarından birinə çevrilib.


No Comment! Be the first one.