Sergey Kravçenko: Kaşuku görmək istəyirdik, alınmadı
Ukraynanın “Polesye” klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuku heyətlərinə qatmaq istədiklərini açıqlayıb.
Sportify.az xəbər verir ki, bu barədə o, “Ukrainskiy futbol” nəşrinə danışıb.
Kravçenkonun sözlərinə görə, 26 yaşlı futbolçunun yay transfer pəncərəsində Ukrayna klubuna keçidi müəyyən səbəblərdən reallaşmayıb.
Mütəxəssis Kaşukun futbol keyfiyyətlərini yüksək qiymətləndirib: “Biz onu “Polesye”də görmək istəyirdik, çünki səviyyəsini yaxşı bilirik. O, təkbətək mübarizələrdə rəqibini çox yaxşı keçir, yüksək sürətə malikdir. Bizə belə futbolçular lazımdır. Yayda onu transfer etmək istəyirdik, amma müəyyən səbəblərdən alınmadı”.
Ukraynalı məşqçi Kaşukun “Qarabağ”da fərqli mövqelərdə oynadılmasına da münasibət bildirib. Onun fikrincə, futbolçu üçün ən uyğun mövqe cinahdır: “Mənim üçün Kaşuk sırf cinah futbolçusudur. Onun güclü tərəfi cinahda təkbətək mübarizə aparmaqdır. “Qarabağ”da bəzən oynadıldığı kimi, xətlər arasında və ya mərkəz hücumçusu mövqeyində çıxış etmək deyil”.
Qeyd edək ki, Aleksey Kaşuk noyabr ayında ilk dəfə Ukrayna millisinə dəvət alıb və Şimali İrlandiya ilə görüşdə debüt edib.
Onun “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.



No Comment! Be the first one.