Seyxan Fərəcov: Daha çox qol vurub komandama kömək etmək istəyirəm
“İmişli”in futbolçusu Seyxan Fərəcovun “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları Misli Premyer Liqası X tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Oyun haqqında fikirləriniz necədir?
– “Kəpəz” azarkeşləri bu gün komandaya böyük dəstək oldu. Biz əlimizdən gələn hər şeyi etdik ki, bu oyunda üç xal qazanaq. Amma alınmadı. Qol vurduq, sayılmadı. Epizodlarımız oldu, amma qismət…
– Həmin sayılmayan qolun təkrarına baxmısan?
– Hələ yox, baxacağıq.
– Bəs oyun zamanı həmin epizodla bağlı nə düşünürdün?
– Tapdalanmanı görmədim. Heç nə görmədim.
– Komandanın potensialını necə qiymətləndirirsən? Hazırkı mövqeyinizdən daha yüksəklərə qalxa biləcəyinizə inanırsan?
– Hər oyundan-oyuna artırırıq. Hər matçda daha yaxşı oynayırıq. İnşallah, daha yaxşı yerlərdə olmaq üçün çox məşq edirik. Görək necə olacaq.
– Komandaya yeni qoşulanda yayda bu qədər qol vuracağını gözləyirdin? Özünə inanırdın?
– Bəli, özümə inanırdım, amma daha çoxunu bacara biləcəyimi də düşünürdüm. İndi öz üzərimdə işləyirəm ki, daha çox qol vurum və komandaya daha çox kömək edim. İstər qollarımla, istərsə də oyunumla. Komandaya kömək etmək üçün əlimdən gələni edirəm.
– Stadiondakı atmosfer necə idi?
– Həqiqətən super idi! İnşallah, hər oyunda belə atmosfer olar. Məncə, bu, futbolumuzun daha da inkişafına kömək edər.
– Milli komandada hücumçu problemi var. Səncə, sənə dəvət gəlməli idi? Millidən dəvət gözləyirsən?
– Öz üzərimdə işləyirəm. Millinin məşqçisi məsləhət bilsə, məni dəvət edər. Əks halda, daha çox çalışmalıyam, öz üzərimdə işləməliyəm. Milliyə çağırılmaq üçün əlimdən gələni etməliyəm.
– Bu barədə danışığın olub?
– Xeyr, olmayıb.
Həşim MƏMMƏDOV



No Comment! Be the first one.