Stadion var, otel yoxdur: regionlarda idman tədbirlərinin görünməyən problemi
Azərbaycan millisinin Litvanı Gəncə Stadionunda qəbul edə bilməməsinin, “Turan Tovuz”un “İmişli” ilə ev oyununu Tovuzda keçirə bilməməsinin əsl səbəbi bilirsinizmi nədir?
Gəncə və Tovuzda müasir tələblərə uyğun lazımi sayda otellərin olmaması!
Bəli, məsələ təkcə stadionun ot örtüyü, işıqlandırması, tribunaları və ya digər texniki məsələlər deyil.
Bəzən stadion hazır olur, amma komandanı gətirib yerləşdirməyə yer tapılmır.
O boyda Gəncədə bircə dənə müasir otel var. Adı “Ramada”dır.
Elə ona görə də MDB Oyunları vaxtı nümayəndə heyətlərinin böyük hissəsi, o cümlədən jurnalistlər Naftalandakı otellərdə yerləşdirilmişdi. Heç bir idman yarışı keçirilməyən, əsasən müalicə-sanatoriya məqsədi ilə fəaliyyət göstərən şəhərin otel imkanlarından istifadə olunurdu.
İndi təsəvvür edin: Gəncədə Azərbaycan millisinin Litva ilə oyunu keçirilməlidir.
Litva millisi gəldi, “Ramada”da yerləşdi. Bəs Azərbaycan yığması harada qalacaq?
Milli komandanın üzvlərini avtobusla başqa şəhərə aparıb-gətirmək variantını kim düşünür?
Üstəlik, söhbət yalnız futbolçulardan getmir. Məşqçilər korpusu, tibbi heyət, inzibati heyət, təhlükəsizlik əməkdaşları, hakimlər, AFFA nümayəndələri, oyunun təşkilində iştirak edən şəxslər və digər rəsmi qonaqlar da var.
Yəni 20-30 nəfərlik bir turist qrupundan danışmırıq.
Böyük futbol oyunu bir stadiondan ibarət deyil.
Bu, bütöv bir logistika sistemidir.
Tovuzu götürək.
Hamı deyir ki, niyə “Turan Tovuz” Türkiyənin “Fənərbağça” komandası ilə yoldaşlıq görüşünü Tovuzda keçirmədi?
Əslində, sualın cavabı yalnız futbol meydanında deyil.
Nəinki “Fənərbağça”, hətta “İmişli” ilə çempionat oyununu belə Tovuzda keçirmək müəyyən logistika problemləri yarada bilər.
Çünki Tovuzda cəmi bir normal otel var – “Ayan Palace”.
Üstəlik, həmin otelin də boş olduğunu fərz etmək mümkün deyil.
“Turan” voleybol komandasının Çempionlar Liqasında Xorvatiyanın “Mladost” klubuna qarşı keçirəcəyi oyunla əlaqədar burada qonaq komandanın, hakimlərin, texniki heyətin, nümayəndələrin və yüksək səviyyəli rəsmi qonaqların yerləşdirilməsi məsələsi ortaya çıxır.
Bəs “Ayan Palace”də neçə nəfər yerləşdirmək olar?
Üstəlik, bu soxhasoxda “İmişli” də gəlib desin ki, mən də burada qalmalıyam. Çünki mənim də Tovuzda yerləşmək üçün alternativim yoxdur.
Belə olan halda problem artıq futbol meydanından çıxır, otel otağına keçir.
Adi vaxtlarda bölgələrə səfər etsən, görərsən ki, bir çox otellər özlərini günə verirlər. Az qala “lələ köçüb, yurdu qalıb”.
Amma böyük idman tədbiri gələndə vəziyyət birdən-birə dəyişir.
Bir neçə komanda, hakimlər, federasiya nümayəndələri, jurnalistlər, azarkeşlər, sponsorlar, rəsmi qonaqlar eyni vaxtda bölgəyə gələndə otelçilik sistemi “error” verir.
Deməli, məsələ otelin dolu olub-olmaması deyil.
Məsələ kifayət qədər sayda, eyni standartda və müxtəlif kateqoriyalarda yerləşmə imkanlarının olmamasıdır.
Bir beynəlxalq yarışa ev sahibliyi etmək istəyirsənsə, yalnız stadion tikməklə iş bitmir.
Stadionun yanında otel olmalıdır.
Oteldən stadiona normal yol olmalıdır.
Komandanın məşq keçməsi üçün əlavə meydança olmalıdır.
Hakimlər üçün ayrıca yerləşmə imkanları olmalıdır.
Jurnalistlərin qalacağı yer olmalıdır.
Nəqliyyat sistemi işləməlidir.
Təcili tibbi yardım və xəstəxana infrastrukturu hazır vəziyyətdə olmalıdır.
Yəni idman infrastrukturu yalnız tribunadan və meydançadan ibarət deyil.
Burada daha bir vacib məsələ var.
Azərbaycan son illərdə bölgələrdə stadionlara, idman komplekslərinə və müxtəlif idman obyektlərinə sərmayə qoyub. Bu, əlbəttə, vacibdir.
Amma bundan sonra növbəti mərhələyə keçmək lazımdır.
Regionları idman tədbirlərini qəbul etməyə hazırlamaq.
Çünki Gəncədə stadion varsa, amma komanda yerləşməyə yer tapmırsa, həmin stadionun beynəlxalq oyuna ev sahibliyi etmək imkanları avtomatik məhdudlaşır.
Tovuzda UEFA səviyyəli klub yaratmaq istəyirsənsə, klubun yalnız futbolçularını deyil, onun qonaqlarını da qəbul edə biləcək şəhər lazımdır.
Düzdür, Qəbələdə futbol, Mingəçevirdə isə avarçəkmə kimi beynəlxalq idman yarışına uyğun infrastruktur varımızdır. Amma bu cür idman-otel infrastrukturuna malik regionlarımızın sayı daha çox olmalıdır.
Bəlkə də Gəncə, Tovuz və digər bölgələr üçün növbəti böyük idman layihəsi yeni stadion yox, idman turizminə xidmət edən müasir otel və yerləşmə infrastrukturu olmalıdır.
Çünki stadion tikib sonra “niyə burada beynəlxalq oyun keçirmirlər?” deyə soruşmaq asandır.
Əsas sual isə başqadır: Komanda gəlsə, harada qalacaq?
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.