Tahir Gözel: Qoy, bu iki gecə Azərbaycan futbolunun bayramına çevrilsin
“Bir neçə gün əvvəl Niderlandda “Tvente”yə qarşı komandamız möhtəşəm oyun nümayiş etdirdi və ən əsası, Bakıya çox dəyərli qələbə ilə qayıtdıq”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə keçirəcəkləri cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.
Gözel “Tvente”nin köklü futbol ənənələrinə malik güclü klub olduğunu vurğulayıb. O, Niderland futbolunun Avropadakı səviyyəsinin yüksək olduğunu və belə komandaya qarşı qələbənin əhəmiyyətini qeyd edib: “UEFA reytinqində yüksək pillələrdə qərarlaşan bir ölkəni təmsil etmək və oradan avrokuboklara vəsiqə qazanmaq heç də asan deyil. Üstəlik, “Tvente” hazırda çox yaxşı formadadır”.
“Qarabağ” rəsmisi Enshededəki atmosferdən də danışıb. Onun sözlərinə görə, rəqib azarkeşlərin yaratdığı mühitdə qələbə qazanmaq xüsusi qürur doğurub: “Enshededə stadiondakı ab-hava da xüsusi qeyd olunmalıdır. Azarkeşlər 90 dəqiqə ərzində komandalarına inanılmaz dəstək verdilər. Belə bir atmosferdə qalib gəlib ölkəmizə qayıtmaq bizim üçün çox qürurverici və sevindirici oldu”.
Klub rəhbəri səfər qələbəsinə baxmayaraq, cavab oyununun daha qarşıda olduğunu xatırladıb. O, “Qarabağ” azarkeşlərini avqustun 27-də stadiona dəvət edib: “Bu qələbə işimizin bitməsi demək deyil. Qarşıda Bakıdakı cavab oyunu var. İnanıram ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə bizim azarkeşlərimiz elə bir ab-hava yaradacaqlar ki, komandamız onların gücünü meydanda hər dəqiqə hiss edəcək. Bütün azarkeşlərimizi həmin gün stadionda gözləyirik. Bu yolu birlikdə davam etdirməliyik”.
Klub prezidenti “Sabah”ın İsrail “Hapoel Beer Şeva”sına qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyununa da toxunaraq, bütün Azərbaycan futbol ictimaiyyətini bu qarşılaşmada ölkə təmsilçisinə dəstək olmağa çağırıb: “Avqustun 25-də “Sabah”ın çox vacib avrokubok oyunu var. “Sabah” güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdür və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. İnanıram ki, dolu stadionun yaratdığı ab-hava Azərbaycanımızın təmsilçisinə əlavə güc verəcək. Həmin gün klub fərqi qoymadan hamımız “Sabah”ın yanında olmalıyıq”.
Gözel sonda hər iki Azərbaycan klubunun avrokuboklarda uğur qazanmasını arzulayıb və azarkeşlərə çağırış edib: “Ürəkdən arzu edirəm ki, azarkeşlərimiz həm avqustun 25-də, həm də 27-də Tofiq Bəhramov stadionunu tam doldursunlar. Qoy, bu iki gecə Azərbaycan futbolunun bayramına çevrilsin. Azərbaycanımız iki gün ardıcıl böyük sevinc yaşasın və hər iki klubumuz avrokubokların Liqa mərhələsinə vəsiqə qazansın”.



No Comment! Be the first one.