Timoteuş Puxaç: Qələbə asan başa gəlmədi
“Sabah”ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Danimarka “Orhus”u üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, Masazırdakı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran polşalı müdafiəçi oyunun çətin keçdiyini bildirib.
“Zənnimcə, çətin oyun oldu. Rəqib hazırlıqlı komandadır və bunu meydançada da göstərdi. Qələbə asan başa gəlmədi. Lakin böyük iradə və əzm nümayiş etdirdik. Buna görə də meydançanı qələbə ilə tərk etdik”, – deyə Puxaç vurğulayıb.
27 yaşlı oyunçu komandasının yaratdığı qol imkanlarından da danışıb: “Gərgin və intensiv oyun oldu. Çoxlu qol imkanımız var idi. Bir neçə fürsəti əldən verdik. Buna baxmayaraq, mübarizəni sona qədər davam etdirdik və sonda istəyimizə çatdıq”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən “Orhus”u 5:2 hesabı ilə məğlub edən “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.



No Comment! Be the first one.