Ülviyyə Fətəliyeva: Olimpiadadakı nəticəmiz qəmgin hadisədir - MÜSAHİBƏ
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva bu gün seans keçirib.
Sportify.az xəbər verir ki, Avropa çempionu tədbir əsnasında jurnalistlərin suallarını da cavablandırıb.
O, əvvəlcə seansın təşkilini yüksək qiymətləndirib:
– Əslində, federasiyanın belə tədbirlər keçirməsi uşaqlar üçün böyük motivasiyadır. Bizim kimi ustad idmançılarla birgə vaxt keçirmək, şahmat oynamaq, təbii ki, onlar üçün böyük stimuldur. Düşünürəm ki, belə tədbirlərin çoxalması onları gələcək yarışlarda daha da ruhlandırar.
– Siz də uşaq olanda tanınmış idmançılarla, ulduzlarla məşq etmisinizmi?
– Əlbəttə. Mən Gəncə şəhərinin yetirməsiyəm və orada, səhv etmirəmsə, yalnız mərhum Vüqar Həşimovun belə bir seansı olmuşdu. Mən də onun seansında iştirak etmək imkanına sahib olmuşdum.

– Olimpiadada gözləniləndən aşağı nəticə göstərməyinizə səbəb nə oldu?
– Təbii ki, burada bir neçə səbəb var. Biz ilboyu komanda yarışına hazırlaşırıq. Olimpiadadakı nəticəmiz bizim üçün bir az qəmgin hadisədir. Lakin qarşıda hələ çox vacib turnirlərimiz var. Əminəm ki, çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək. Bu olmasa belə, digər yarışlarda mütləq gözlədiyimiz nəticəni əldə edəcəyik.
– Şəxsi baxımdan öz çıxışınızı necə qiymətləndirirsiniz: Aktivinizə istədiyiniz qədər reytinq xalı yaza bildinizmi?
– Bu, şəxsi turnir deyil, komanda yarışıdır. Ona görə də buna heç cür şəxsi baxmaq olmaz. Bizim üçün əsas komandanın nəticəsidir. Ümid edirik ki, komandanın nəticəsi gələcək turnirlərdə daha da yaxşı olacaq.
– Karyeranıza nəzər saldıqda son vaxtlar təəssüf ki, eniş-yoxuşlar görünür. Siz bunu nə ilə əlaqələndirə bilərsiniz?
– Əslində, il başlayanda hər şey çox yaxşı gedirdi. Azərbaycan çempionatında qalib gəldim, sonra ilk dəfə beynəlxalq qadın turnirində çempion oldum. İl çox yaxşı başlamışdı. Sonra isə təəssüf ki, bəzi turnirlərdə sabitliyi qoruya bilmədim. Təbii ki, bu, yolun bir hissəsidir. Hər zaman qələbə qazanmaq mümkün deyil. Bu, prosesin bir hissəsi olmalıdır. Bunu təbii qəbul etməyə çalışıram və qarşıdakı vacib turnirlərə köklənirəm.

– Ümumiyyətlə, bu tədbirdə uşaqlarla təcrübənizi bölüşmək necə hissdir? Yəqin ki, özünüz də məhz belə yarışlarda yeni uşaqlar kəşf etmisiniz. O cümlədən, federasiya da belə istedadları üzə çıxarır. Bununla bağlı fikirləriniz necədir?
– Əlbəttə, düzgün qeyd edirsiniz, bu yöndən də çox vacibdir. Çünki bildiyim qədərilə burada gələcək dünya və Avropa çempionatlarının iştirakçıları var. Onlarla oynamaq, gələcəyin ulduzları ilə şahmat oynamaq mənim üçün də çox həvəsləndirici və həyəcanlandırıcıdır. Ümid edirəm ki, uşaqlar üçün də maraqlı olar və gələcəkdə onları stimullaşdıran bir hadisəyə çevrilər. Belə yarışların, stimul xarakterli turnirlərin və tədbirlərin keçirilməsi, təbii ki, xoşdur, ürəkaçandır. Belə tədbirlərin daha çox olmasını istərdik.
– Hazırda məhz bu uşaq-şahmat məktəbi ilə bağlı tədbirdə iştirak edirsiniz. Uşaq şahmatının son dövrlərdə qazandığı uğurlar barədə fikirləriniz necədir?
– Bildiyim qədərilə bu il dünya çempionatında çox yaxşı nəticələrimiz olub. Bu artıq onu göstərir ki, uşaq şahmatı irəliləyir. Lakin təəssüf ki, bu barədə çox dərindən məlumatım yoxdur. Bu haqda bizim uşaq və gənclər üzrə baş məşqçilərimiz daha yaxından məlumat verə bilər. Onlar daha yaxşı bilirlər.

– Azərbaycanda qadın şahmatının hazırkı durumunu necə dəyərləndirirsiniz?
– Əgər məsələyə tam şəkildə baxsanız, yalnız bir hissəsinə deyil, ümumi mənzərəni nəzərə alsanız, görərsiniz ki, Azərbaycan qadın şahmatı illərdir medal qazanır. Keçən il dünya çempionatında iki dəfə ikinci yer, ondan əvvəl Avropa çempionatında ikinci yer, daha sonra Avropa üçüncülükləri əldə etmişik. Bu artıq onu göstərir ki, Azərbaycanda qadın şahmatı inkişaf edir. Ümid edirəm ki, bu, davamlı olacaq və daha böyük zirvələrə yüksələrək qızıl medallar qazanacağıq və onları Azərbaycana gətirəcəyik. Təşəkkür edirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.