Vidadi Əhmədov: Futbola da baxırdıq, Orduya da - VİDEO
“I Qarabağ Müharibəsində Azərbaycan Ordusuna da çox böyük köməkliklər edirdik”.
Bunu Sportify.az-a açıqlamasında Tovuzun “Turan” klubunun sabiq prezidenti Vidadi Əhmədov deyib.
İş adamı həmin illərlə bağlı əhvalatı nəql edib: “Yaxşı yadımdadır: Tovuzun ovaxtkı icra başçısı ilə birlikdə futbola baxırdıq. Elə alındı ki, tovuzlu azarkeşlərin xoşuna gəlməyən nəticə qeydə alındı. İcra başçısı mənə “Vidadi bəy, olmazdımı ki, futbola xərclədiyin vəsaitin hamısını elə Orduya, sərhədə yönəldəsən”? Mən isə belə cavab verdim: “Bəy, biz futbola da baxırıq, maliyyə sərf edirik, Orduya da. Bu gün sərhədə, Orduya məndən çox diqqət yetirən şəxs varsa, elə indicə futbolla əlaqədar fəaliyyətimi dayandırım və bütün maliyyəmizi hərbiyə yönəldim”. Yəni, sərhəd üçün lazım olan sursatların, döyüş texnikalarının alınması üçün əlimizdən gələn bütün işləri görürdük”.
O, Tovuzda çempionat oyunlarının keçirildiyi vaxtlarda da təhlükəli vəziyyətlərin yarandığını söyləyib: “Çempionat oyunlarımız isə “qrad” mərmiləri altında keçirilirdi. Elə olub ki, oyun vaxtı stadionumuza mərmi düşüb. Hətta xəstəni aparmaq üçün meydançamıza helikopter enib. Yəni, oyun dayandırılıb, helikopter meydançaya enib. Sonradan müvafiq təşkilata müraciət etdik ki, helikopteri oyunlarımız vaxtı bizim stadiona yox, digər meydançalara endirsinlər. Onlar da sağ olsunlar, bizimlə razılaşdılar. Yəni, belə hallar da olmuşdu”.
Xatırladaq ki, “Turan” tarixi ərzində yeganə çempionluğunu 1993/1994 mövsümündə əldə edib və Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi tarixə düşüb.



No Comment! Be the first one.