Vüsal İsgəndərli: Təzyiqi özümüz yaratmışdıq, bunu da biz həll etməli idik - MÜSAHİBƏ
Oyunun gərgin keçəcəyini bilirdik. Amma qələbə qazanmağı bacardıq. Buna görə bütün azarkeşlərimizə, mediaya və bizə inanan hər kəsə təşəkkürümü bildirirəm”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli evdə Litvaya 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının D Liqasının oyunundan sonra jurnalistlərə müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi digər sualları da cavablandırıb:
– İkinci qolu vurmaq üçün nə çatmadı?
– İkinci qol üçün 100 faizlik çox epizodumuz oldu. Mən də, Renat Dadaşov da imkanımızı qaçırdıq. Bəlkə də hər şeyi nəyinsə üzərinə atmaq düzgün deyil, amma bir az da özümüz-özümüzə təzyiq yaradırıq. Klublarımızda bu cür epizodlarda çox rahat qollar vururuq, amma burada belə olur. Buna baxmayaraq, ruhdan düşməyəcəyik. Əlimizdən gələnin daha yaxşısını etməyə çalışacağıq.
– Komanda xüsusilə bitiricilik baxımından problem yaşayırsınız. Məşqlərdə bunun üzərində çalışırsınızmı?
– Sizi inandırım ki, məşqlərimizin bəlkə də 70 faizi bitiricilik üzərində qurulur. Baş məşqçimiz də bizə çox deyir ki, daha istəkli və daha rahat olun, problem yoxdur, sizə inanırıq. Mən də inanıram ki, siz də bizə güvənəcəksiniz və daha yaxşı olacaq.
– Bu oyun komanda üçün “altı xallıq” qarşılaşma idi. Lixtenşteynlə oyundan sonra bu matçda da məğlubiyyət olsaydı, həm Ayxan Abbasova, həm də milli komandaya inam azala bilərdi. Bu, komanda üzərində təzyiq yaradırdı?
– Təzyiqi onsuz da özümüz öz üzərimizə yaratmışdıq. Bunu da biz həll etməli idik. Əvvəlki müsahibələrimdə də demişdim ki, təzyiqi özümüz yaratmışıq, kimsə bizə təzyiq yaratmayıb. Amma bu gün həqiqətən də ailə kimi oynadıq. Kameralarda görünürdü, yoxsa yox, bilmirəm. Əvəzlənən oyunçuların istəkli olmaları və təzyiq etmələri bizə qələbə qazandırdı.
– Buradan azarkeşlərə nə demək istəyirsiniz?
– Hamınıza çox təşəkkür edirəm, Allah razı olsun. Sizi sevindirməyə çalışacağıq.
– Son matç Lixtenşteynlə olacaq. Artıq onları yaxşı tanıyırsınız. Nöbəti oyun öncəsi hansı səhvlər üzərində çalışacaqsınız?
– Bitiricilik üzərində.
Bahar RÜSTƏM



No Comment! Be the first one.