Yelizaveta Ruban: Həmişə xaricdən təkliflər olur və seçim imkanım var - MÜSAHİBƏ - VİDEO
Azərbaycan millisinin və “Turan” klubunun voleybolçusu Yelizaveta Ruban qadınlar arasında Çempionlar Liqasında III təsnifat mərhələsinin “Maritsa Plovdiv” komandası ilə cavab görüşündən sonra Sportify.az-a eksklüziv müsahibə verib.
32 yaşlı oyunçu əsas mərhələyə vəsiqə qazanmalarına səbəb olan qarşılaşmanı dəyərləndirməklə yanaşı, qrupdakı rəqiblərdən və komandasının hədəflərindən, eləcə də xaricdən təkliflər almasından danışıb:
– Çempionlar Liqasına qayıtmaq necə hissdir?
– 9 ildən sonra yenidən Çempionlar Liqasının qrup mərhələsinə qayıdıram. Sonuncu dəfə bu turnirdə “Telekom”un heyətində çıxış etmişdim. Həmin vaxt da Azərbaycan komandasında oynayırdım. Çox şadam ki, indi Tovuzu təmsil edəcəyik və Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacağıq.
– Legioner karyeranız dövründə əsas mərhələdə çıxış etmişdiniz?
– Rumıniya klubları “Alba Blaj” və “Luqaj”ın heyətində Çelenc Kuboku və CEV Kubokunda oynamışdım.
– Yəqin ki, qrupdakı rəqiblər haqqında məlumatınız var. Onları necə xarakterizə edərdiniz?
– Əlbəttə, D qrupunda iki top-rəqibimiz var. Bunlar İtaliyanın “Skandiççi” və Türkiyənin “Eczacıbaşı” komandalarıdır. Üçüncü rəqib isə Serbiya TENT-idir. Hesab edirəm ki, TENT-lə bərabər səviyyədə mübarizə aparmalıyıq. Məqsədimiz qrupda ən azı üçüncü yeri tutmaqdır ki, CEV Kubokunda mübarizəmizi davam etdirə bilək.
– Burada xüsusi atmosfer var. Lakin ev oyunlarının hansı arenada keçiriləcəyi ilə bağlı suallar yaranır. Sizcə, qarşılaşmaları bu zalda keçirmək mümkündür?
– Düzünü desəm, bu zalın, xüsusilə də Çempionlar Liqasının əsas mərhələsinin tələblərinə uyğun olub-olmadığını bilmirəm. Ümid edirəm ki, Avropa Voleybol Konfederasiyası ev oyunlarımızı burada keçirməyimizə icazə verəcək. Əks halda, istənilən qərara hazırıq. Harada oynamağımız deyilərsə, orada da meydana çıxacağıq.
– Oyunları burada keçirmək sizin üçün əlavə üstünlük olarmı?
– Əlbəttə! Öz meydanımızda, doğma azarkeşlərimizin önündə oynamaq həmişə kömək edir.
– Bu qarşılaşmada ilk iki setdə hesabda öndə olsanız da, sonradan rəqib oyunda bir müddətlik dönüş yaratdı. Sizcə, buna səbəb nə idi?
– Deyə bilmərəm ki, arxayınlaşdıq və buna görə uduzduq. Rəqib də voleybol oynayır. Onlar da bəzi məqamlarda daha yaxşı, bəzi məqamlarda isə zəif çıxış etdilər. Ola bilsin, bizim oyunumuzda müəyyən eniş oldu və rəqib həmin an bundan istifadə edərək üstünlük qazandı. Daha sonra biz sürət götürdük, müdafiədə bir neçə zərbəni götürdük, oyunun tempini artırdıq və azarkeşlərimizin də dəstəyi ilə 3:0 hesablı nəticəyə nail olduq.
– Qarşılaşmanın ən çətin seti hansı oldu?
– Sonuncu set. Çünki hər top uğrunda mübarizə aparmaq lazım idi.
– Yenidən xaricdə legioner həyatı yaşamaq, başqa klubda oynamaq istəyiniz varmı?
– Həmişə təkliflər olur və seçim imkanım var. Amma bu il doğma ölkəmdə oynamağa üstünlük verdim.
– Hazırda da təkliflər alırsınız?
– Bəli, əlbəttə.
– Hansı ölkələrdən?
– Bunun fərqi yoxdur. Mən hazırda buradayam.
– Türkiyədə oynamaq istərdinizmi?
– Hazırda belə bir istəyim yoxdur.
– Bunun səbəbi nədir?
– Evdə oynamaq istəyirəm. Bunun çoxlu üstünlükləri var. Öz mühitimdə, doğma atmosferdə çıxış etməyə üstünlük verirəm.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.