Yuri Vernidub: "Sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir"
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– 1 xalı aktivə yazdınız, yoxsa 2 xal itirdiniz?
– Xal itirdiyimizi və ya qazandığımızı demək mənə çətindir. İlk 20 dəqiqə ərzində istədiyimiz kimi oyun olmadı. Demək olar ki, rəqib daha kəskin oynayırdı. Sonra bizim müdafiəçimizin səhvi ucbatından azlıqda qalmalı olduq. Hətta deyərdim ki, azlıqda qaldıqdan sonra tam heyətlə olduğumuzdan daha yaxşı oynamağa başladıq. Biz bir qol da vurduq və fasiləyə üstün hesabla yollandıq. Mən onda da bilirdim ki, bizim üçün çox çətin olacaq. Çünki belə bir komandaya qarşı azlıqda oynamalı idik. Ona görə də yenidən qurulduq, 5 müdafiəçi, 3 yarımmüdafiəçi və 1 hücumçu ilə oynamağa başladıq. Demək olar ki, bütün mövqeləri bağlamışdıq. Əslində buraxdığımız qola qədər rəqibin elə bir epizodu olmamışdı. Hesabı bərabərləşdirdikdən sonra da rəqib bir yaxşı imkan qazandı. Emil Balayevə təşəkkür edirəm ki, bizi bu qoldan qurtardı. Ona görə də bugünkü bütün amilləri nəzərə alaraq, “əsas odur ki, uduzmadıq və istədiyimiz yerdə qaldıq” deyə düşünürəm. Çünki növbəti gün “Sabah” və “Qarabağ”ın oyunu olacaq. Bütün bunlara baxmayaraq, şəxsi fikrim belədir ki, biz 2 xal itirdik. Siz məni buna görə tənqid də edə bilərsiniz. Amma istəyirəm ki, hər bir oyunu udaq. Ona görə də işləməyə və yolumuza davam edəcəyik.
– Müdafiəçiniz İqor Ribeyronun belə bir qırmızı vərəqə almasına və komandanı çətin vəziyyətdə qoymasına nə ehtiyac var idi?
– Mən nə deyim? Həqiqətən də bu suala necə cavab verəcəyimi bilmirəm. Onların beyinlərində necə düşüncələrin olduğunu bilmirəm. Təəssüf ki, nəyə görə belə hərəkət etdiklərini anlamaqdan ötrü futbolçuların beyinlərinə girə bilmirəm. Mən də anlamıram: sadə bir epizod idi, orada dayandı. Niyə dayanırsan? Get ora, başqa bir yerdə topu al və çıxar. Özü də başı ilə oynayan futbolçunun topa qədər məsafəsi 7 metr, onda isə 2 dəfə çox – 14 metr idi. Biz hər zaman hərəkətdə olan müdafiənin üzərində işləyirik. Elə bir müdafiəçilərin ki, piyada gəzməsinlər, hər zaman irəli-geri qaçsınlar. Digər tərəfdən, müdafiəçilərimizə elə bir basqı da yox idi. Sadəcə, axtarırsan, ötürmələr edirsən, məqamları tutursan, onun üzərindən gedirsən. 10 aydır bunların üzərində işləyirəm. Amma görünür, pis işləmişəm. Günahı özümdə görürəm. Belə görünür ki, daha çox işləməliyəm və işləməkdə davam edəcəyəm.
– Bu, İqor Riberyronun “Turan Tovuz”la matçlarda üçüncü qırmızı vərəqəsidir. Sizcə, təsadüfidir, yoxsa, Tovuz komandasına qarşı aqressiyası var?
– Deməzdim ki, aqressiyası var. Sadəcə, bu da bir məqamdır. Fikrimcə, müdafiəçinin səhvi idi. Topun üstünə dayanmadan, daha tez getmək lazım idi. Düşünmürəm ki, sərt oynamaq istədi və digər oyunçuya zədə yetirmək fikri var idi. Dünən “Dinamo Kiyev” və “Kudryavka” arasındakı Ukrayna çempionatının oyununda da oxşar epizod olmuşdu. Mənim yetirmələrimdən biri İvan Petryak ağır zədə aldı – kəllə sümüyü çatladı. Orada aqressiya da yox idi. Baş-başa toqquşdular. Birinin gicgah hissəsinə zərbə dəydi. Ora yumşaq yer olduğu üçün belə bir travma alındı. Ən əsası, hər şey yaxşı qurtardı. Önəmli məsələ sağlamlıqdır.
– Çempionatdakı əsas rəqiblərinizlə heç bir oyunda qələbə qazanmamısınız. Bu, sizi nə dərəcədə narahat edir?
– Mən hər zaman udmaq istəyirəm. Bu, mənim üçün çox ağrılıdır. Qələbə şansımız da var idi. “Qarabağ”la oyunda 3:1 öndə olduğumuz halda, sonda hesab 3:3 oldu. “Sabah”ı da udmaq şansımız var idi. Bir baş məşqçi kimi bu, mənim üçün çox ağrıvericidir. Amma bir əsas məqam da var ki, bu oyunlarda uduzmuruq. Onlarla necə deyərlər, yanbayan, bərabər hərəkət edirik.
– Milli fasilədən sonra ən zəif oyununuzun bu olduğunu demək olarmı?
– Bu, sizin fikrinizdir, mən buna qarşı bir söz deyə bilmərəm. Hər kəs öz fikrini ifadə edə bilər. Mən bir qədər başqa fikirdəyəm. “Sabah”, “Qarabağ” və “Turan Tovuz” ötən mövsüm Misli Premyer Liqasının mükafatçıları olub. Onlarla açıq futbol oynamaq olmaz. Yadınızdadırsa, ötən mövsüm “Qarabağ”a qarşı açıq futbol oynadıq və 1:5 hesabı ilə uduzduq. Ona görə də müdafiə strategiyasının seçilməsi barədə də düşünmək lazımdır. Buna baxmayaraq, yaxşı epizodlarımız da olur. Elə “Qarabağ”ın qapısına ötən həftə 3 qol vura bildik. Bircə “Sabah”a qol vura bilməmişik. Sualınıza gəldikdə, mən elə deməzdim. Əslində “Qarabağ”la oyunumuz da mənim çox xoşuma gəlməmişdi. Orada da biz daha çox topsuz idik. Bu gün oyunumuzun belə alınmasının səbəbi azlıqda qalmağımız oldu. Bu vəziyyətdə oynamaq daha çətin idi. Bu nəticəni həzm edərək, irəliyə doğru davam etmək lazımdır.
– Emin Mahmudovun son turlarda oynamamasının səbəbi nədir?
– Onun mikrozədəsi var. Bu səbəbdən, iştirak ərizəsinə də daxil etməmişdik.
– Bakıda keçirilən U-15 dünya çempionatını izləməyi planlaşdırırsınız?
– Qrafiki öyrənmək lazımdır. Maraqlıdır. Amma o qədər işim var ki, getməyim də çətin məsələdir. Səhər saat 9-dan 19-dək “Neftçi”nin bazasında oluram. Hətta bəzi məşqçilərimiz gecə saat 11-12-də çıxırlar. Çünki biz rəqiblərimizi öyrənməli, onları təhlil etməliyik. Əslində çox yaxşı təhlillərimiz olur. Sadəcə, bəziləri nəyə görəsə buna qulaq asmırlar, əməl etmirlər. Əsas sual da budur. “Neftçi” çoxdilli komandadır, ispan, fransız, ingiliscə danışırıq. Bəlkə də hamı tərcüməni tam başa düşmür, orada sıxıntılarımız olur. Baxmayaraq ki, yaxşı tərcüməçilərimiz var. Nəyə görəsə deyilən sözləri tam anlamırlar. Birdən-birə üç dili bu il ərzində öyrənmək də çətindir. Əslində mənim üçün Azərbaycan dili önəmlidir. Çünki burada yaşayıram, sizinlə də bu dildə danışa bilərəm. Amma bunları etmək mənim üçün çətindir.



No Comment! Be the first one.