Zaur Həşimov: Bizə vaxt lazımdır
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının I turunda “Zirə”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışından narazı qalmadığını bildirib.
Onun sözlərinə görə, kollektivə vaxt lazımdır: “Daha çox mübarizə aparırdıq. Yaxşı komandaya qarşı oynayırdıq. “Zirə” artıq 6-cı həftədir məşqlərdədir, bizim fiziki durumumuz onlardan daha aşağıdır. Komandamdan narazı qalmadım. Futbolçularıma təşəkkür etdim. Bizə vaxt lazımdır. Komandanı sıfırdan yığmışıq. İlk məşqdə 12-13 futbolçu var idi. Vaxt keçdikcə daha yaxşı komanda olacaq”.
Həşimov legionerlərə daha çox üstünlük vermələrini belə izah edib: “Keçən il I Liqada oynayan komandadan futbolçular qalıb. Yerli oyunçular da dəvət etmişik. Xaricilər də var. Yerli və legionerləri nəzərə almışıq. Bəzi mövqelərə nəinki yerli futbolçu ilə danışdıq, həmin mövqelərə yerli tapa bilmədik. Ona görə rəhbərlik daha çox legionerə üstünlük verməyi lazım bildi”.
Baş məşqçi vaxta ehtiyaclarının olduğuna dair açıqlamasının bəhanə kimi başa düşülməməsini istəyib: “Bir ay, ay yarımlıq komandayıq. Bu gün “Zirə”yə xal arxasınca gəlmişdik. Bütün oyunlara pozitiv yanaşacağıq. Yoldaşlıq oyunlarında da uduzmamışıq. Bu gün ilk dəfə uduzduq. Futbolçuların keyfiyyətini, bacarığını göstərməsi üçün fiziki cəhətdən istədiyi duruma gəlməlidir. Birinci hissədə də göründü ki, anlaşma yaxşı deyil. Bu da hər yerdə olur. Bu gün də yaxşı oynadıq. Oyundan-oyuna bunu artıracağıq. Əvvəllər millinin oyunu sentyabrın 4-5-nə düşürdü, yeni yığılan komandalar o aradan istifadə edirdi. Bu dəfə fasilə uzun olur deyə, sıxıntımız ola bilər”.


No Comment! Be the first one.