Zaur Həşimov: Bu məğlubiyyətin bizə çox xeyri olacaq
Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Neftçi”yə 1:4 hesabı ilə məğlub olan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra fikirlərini bölüşüb.
Spotify.az xəbər verir ki, 51 yaşlı mütəxəssis mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
Baş məşqçi ilk hissədə daha intizamlı oynadıqlarını bildirib: “İlk hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq”.
Zaur Həşimov qapıçı Nicat Mehbalıyevin inamsız oyunu ilə bağlı suala da cavab verib: “Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üzərinə çox getmirik. Tək onun səhvi ucbatından məğlub olduğumuzu düşünmürəm”.
Mütəxəssis heyət seçimindən peşman olmadığını vurğulayıb: “Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm”.


No Comment! Be the first one.