Ağadadaş Salyanski: Əsas millidən dəvət gözləyirəm - MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Ağadadaş Salyanskinin evdə Cəbəllütariqə 3:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra Sportify.az-a müsahibəsi:
– Oyun haqqında fikirləriniz necədir?
– Qələbə qazandıq. Pley-offa çıxmaq bizim üçün çox vacib idi. Çox istəyirdik ki, qələbə qazanaq. Bilirsiniz, Azərbaycan U-21 yığması tarixində ən çox 9 xal toplamışıq. Bu gün də bizim belə bir fürsətimiz var idi ki, həmin rekordu yeniləyə bilək. Sevinirik ki, son oyunda bunu bacardıq. 10 xal qazandıq. Bu da bizim üçün bir tarixdir. İndi vaxt keçdikcə, insan nostalji hisslər yaşayanda belə şeyləri yada salır. Çox sevinirəm. Gələcək toplanışlarda uşaqlar 10 yox, 15-20 xal qazanmağı bacararlar.
– Bu toplanışın sizin üçün hansı üstün cəhətləri oldu?
– Bu toplanışın üstün cəhəti o oldu ki, heyətimizdə olan oyunçuların əksəriyyəti əsas komandalarında, ilk “11-lik”də oynayır. Bu da bizim üçün müəyyən mənada kömək olur. Biri var, klubunda oynamırsan, toplanışa gəlirsən və oyun praktikasından əziyyət çəkirsən. Biri də var, oynayırsan, toplanışa gəlirsən və bunu meydanda daha rahat göstərə bilirsən. Mən düşünürəm ki, əsas məsələ elə bu idi. Bildiyiniz kimi, bu gün yaxşı oyun göstərdik və qələbə qazana bildik.
– Oyunda dubl etdiniz. Performansınızı bəyəndiniz?
– Sevinirəm ki, bu gün 2 qol vurdum. Bundan əvvəl də klubda mövsümə başlayanda qollar vurmuşam. Düşünürəm ki, mövsümə yaxşı başlamışam. Amma bu o demək deyil ki, bununla kifayətlənmək lazımdır. Qarşıda oyunlarımız var. Orada maksimumumu göstərmək istəyirəm. Əsas millinin gələcək toplanışlarına dəvət gözləyirəm.
– Buna inanırsınız?
– Əlbəttə. Tək mən yox, inanmıram ki, burada müsahibə verən kim olsa, əsas millidə oynamaq istəyər. Hamısı milli komandada oynamaq üçün can atır. Mən də həmçinin. Dəvət gələrsə, böyük məmnuniyyətlə ölkəmi təmsil etməyə hazıram.
– Misli Premyer Liqasında bombardirlər siyahısında uzun müddətdir yerli futbolçu görmürük. Artıq sizin də adınız var. Mövsümün sonuna kimi bunun davamı gələcək?
– Əlbəttə. Mən də istəyirəm ki, qolların ardı gəlsin. Həm özüm üçün, həm də klub üçün faydalı olduğum təqdirdə insan doğrudan da çox sevincli hisslər yaşayır. İndi kluba qayıdıram. Klubda da növbəti oyunumuz var. Ayın 9-da “Kəpəz”lə qarşılaşacağıq. Düşünürəm ki, orada da qol vursam və komandam qələbə qazansa, yerinə düşər.
Bahar RÜSTƏM



No Comment! Be the first one.