Penalti təyin edən hakimə hücum etdilər – Matç yarımçıq dayandırıldı
Keniyada futbol matçında baş verən qalmaqallı hadisə diqqət çəkib. Penalti qərarından sonra futbolçular və azarkeşlər baş hakimə hücum edib, qarşılaşma yarımçıq dayandırılıb.
Sportify.az xəbər verir ki, Keniyanın yüksək liqasına vəsiqə uğrunda keçirilən “Kariobangi Şarks” – “Mombasa Yunayted” matçında ciddi insident yaşanıb.
Hadisə qarşılaşmanın 65-ci dəqiqəsində baş verib. Baş hakim Con Sulve qonaqların xeyrinə penalti təyin etdikdən sonra meydan sahiblərinin futbolçuları ona etiraz edərək ətrafını mühasirəyə alıblar. Daha sonra azarkeşlər meydana daxil olaraq hakimə hücum ediblər.
İnsident zamanı referiyə müxtəlif əşyalar, o cümlədən plastik oturacaq atılıb. Təhlükəsizlik əməkdaşları hakimi izdihamın arasından çıxarmağa çalışıblar. Asayişi bərpa etmək üçün əraziyə polis əməkdaşları ilə yanaşı hərbçilər də cəlb olunublar.
Qarşılaşma 68-ci dəqiqədə dayandırılan zaman “Kariobangi Şarks” 2:1 hesabı ilə öndə olub. İlk oyunun nəticəsi nəzərə alınanda ümumi hesab 3:3 olub.
Qeyd edək ki, klublar arasında pley-off oyunlarının keçirilməsi məhkəmə çəkişmələrindən sonra razılaşdırılıb. “Kariobangi Şarks” 2025/26 mövsümündə Keniyanın Premyer Liqasında 16-cı yeri tutub. Klub aşağı liqaya düşmə qərarına etiraz etdikdən sonra məsələ məhkəməyə çıxarılıb.
Hazırda insidentlə bağlı Keniya Futbol Federasiyası araşdırma aparır. Hadisə ilə bağlı yekun qərar açıqlanmayıb. İlkin məlumata görə, “Mombasa Yunayted”ə texniki qələbə verilə bilər.



No Comment! Be the first one.