“Bu matçda üç xala layiq idik”
Misli Premyer Liqasının VIII turunda “İmişli” “Turan Tovuz”u məğlub edib:1:0.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “İmişli”nin baş məşqçisi Ervins Perkons oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlədin suallarını cavablandırıb.
– “Turan Tovuz”la qarşılaşma barədə fikirləriniz necədir?
– İlk növbədə, futbolçulara göstərdikləri münasibətə, əzmkarlığa və səylərinə görə təşəkkür etmək istəyirəm. Xüsusilə ilk hissədə çox yaxşı çıxış etdik. Hərəkətlilik və enerji baxımından yüksək səviyyədə idik, meydanın bütün zonalarını bağlayır, rəqibə rahat oynamaq imkanı vermirdik. İkinci hissədə çıxışımız bir qədər zəiflədi. Çünki müəyyən məqamda enerjimiz tükəndi. Buna baxmayaraq, düşünürəm ki, futbolçuların nümayiş etdirdiyi əzmkarlıq və mübarizə sayəsində yaxşı oyun keçirdik və bu matçda üç xala layiq idik.
– Bu qarşılaşmada komandanın oyununda hansı dəyişiklikləri etdiniz?
– İlk növbədə, pressinq strukturunda müəyyən dəyişikliklər etdik. Daha enerjili və aqressiv oynamağa, topu rəqibin meydanında qazanmağa çalışdıq. Bu, futbolçulardan daha çox güc və enerji tələb edir. Eyni zamanda, taktiki düzülüşdə də dəyişiklik etdik ki, hücumda daha çox seçim imkanımız olsun. Əsas dəyişikliklər bunlar idi.
– Qələbədən sonra klub rəhbərliyi ilə gələcəyiniz və ya komanda ilə bağlı hər hansı müzakirəniz olubmu?
– Bu barədə şərh verə bilmərəm, çünki hələ klub rəhbərliyi ilə danışmamışam. Hazırda bildiyim odur ki, qələbədən sonra bizi — futbolçuları və məşqçilər heyətini təbrik ediblər. Hələlik əlavə məlumatım yoxdur.
– Siz Aleksandr Starkovdan sonra komandanın baş məşqçisi olan ikinci latviyalısınız. Onunla əlaqəniz varmı?
– Əslində, bu, maraqlı məqamdır. Çünki məşqçilik üzrə PRO lisenziyası kursunda Aleksandr Starkov mənim mentorum olub. Həmin müddətdə daim yanımda idi, mənə məsləhətlər verir, oyunlarıma və məşqlərimə gəlirdi. Müntəzəm görüşürdük. Bura gəlməzdən əvvəl onunla əlaqə saxladım və görüşdüm. Ondan burada işləməyim, yoxsa Latviyada qalmağım barədə fikrini soruşdum. O, mütləq gəlməli olduğumu dedi və mənə uğurlar arzuladı. Hazırda da əlaqə saxlayırıq, vaxtaşırı yazışıram. Onun burada çalışdığını bilirdim və mənə bu addımı atmağı tövsiyə etməsi çox dəyərli idi.
Bahar Rüstəm



No Comment! Be the first one.