“Borussiya”nın BOS-dakı duşlardan istifadə etməməsinin səbəbi açıqlandı
Dortmund “Borussiya”sının futbolçularının “Sabah”la oyundan sonra Bakı Olimpiya Stadionundakı duşlardan istifadə etməməsinin səbəbi məlum olub.
Sportify.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Dortmund klubu stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən ehtiyat edib.
Məlumata əsasən, almanlar futbolçuların sağlamlığını riskə atmamaq üçün duşlardan istifadə etməmək qərarına gəliblər. Legionella bakteriyaları su sistemlərində çoxala və çirklənmiş su damcılarının nəfəsə çəkilməsi nəticəsində insanlarda ciddi xəstəliklərə səbəb ola bilər.
Bununla belə, stadionun su təchizatı sistemində həmin bakteriyaların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim edilməyib. Söhbət yalnız Almaniya klubunun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.
“Borussiya”nın futbolçularının oyundan sonra bərpa prosedurlarından keçməsi üçün komandanın qaldığı oteldəki spa zonasının da əvvəlcədən bron edildiyi bildirilir.
Bakı Olimpiya Stadionunun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin rəhbəri Firuz Abdulla isə saytımıza açıqlamasında su təchizatı və duş otaqlarının vəziyyəti ilə bağlı hər hansı problemin olduğu iddialarını təkzib edib.
O, açıqlamasında stadionda həm isti, həm də soyuq suyun olduğunu, duş otaqlarının işlək vəziyyətdə qaldığını bildirib. Abdullanın sözlərinə görə, stadionda texniki məsələlər yoxlanılıb və heç bir problem aşkarlanmayıb.
Stadion rəsmisi həmçinin qeyd edib ki, oktyabrın 13-də “Sabah”la Praqa “Slaviya”sı arasında keçirilən Çempionlar Liqası matçından sonra da duş otaqları ilə bağlı heç bir narahatlıq yaranmayıb.
Firuz Abdulla əlavə edib ki, Bakı Olimpiya Stadionu hər il beynəlxalq standartlara uyğunluq baxımından sanitariya yoxlamalarından keçir və bu il də müvafiq yoxlamadan sonra sertifikat alıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Sabah” Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.