"Sumqayıt"ın yeni qapıçısı: Gəncədə kənardan mənə söz atırdılar - MÜSAHİBƏ
“Sumqayıt”ın yeni transferi Marko Yuhanssonun Misli Premyer Liqasında debütü sentyabrın 20-də Gəncə Stadionunda “Kəpəz”ə qarşı VI tur oyununda gerçəkləşib.
Son olaraq, İranın “Traktor” klubunda çıxış etmiş 28 yaşlı isveçli qapıçı ilə cari mövsümün sonunadək müqavilə bağlanılıb.
Malmö” yetirməsi olan Yuhansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub. 16 nömrəli oyunçu “Kəpəz”lə görüşdən sonra Sportify.az-a müsahibə verib:
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Çox templi oyun alındı. Yaxşı çıxış etdik. Qələbə qazanmaq üçün şanslarımız da var idi. Amma bəzi məqamlarda səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Ümumilikdə isə təəssüratlarım müsbətdir, özümü yaxşı hiss edirəm.
– Stadiondakı ab-hava barədə nə deyə bilərsiniz?
– Mən 21 yaşımdan peşəkar səviyyədə çıxış edirəm. Almaniyada, İsveçdə, İranın “Traktor” komandasında çıxış etmişəm. Xüsusən, 2015/2016 mövsümündə Almaniyada yüksək ab-havalı oyunlar görmüşəm. Bütün bunlara görə də deməzdim ki, Gəncə Stadionundakı ən yaxşısı idi. Bəzən kənardan mənə söz atırdılar. Əhəmiyyət vermədən keçir, öz işimi görürdüm. Bu cür azarkeşlər, əksinə, enerjimi qaldırır, mənə pozitiv təsir göstərirlər.
– Son dəqiqələrdə qurtarışlarınız oldu. Özünüz necə düşünürsünüz: Komandaya nə qədər qatqınız oldu?
– Mən bura “Sumqayıt”a kömək etmək üçün gəlmişəm. Düşünürəm ki, bu gün necə oyunçu olduğumu və keyfiyyətimi göstərə bildim. Lakin digər tərəfdən, qurtarışlar etmək mənim işimdir. Bacardığımı etdim.
Haşım MƏMMƏDOV


No Comment! Be the first one.