Kriştianu Ronaldu: DÇ-2026-dan sonra karyeramı bitirmək istəyirdim
“Dünya çempionatından sonra yığmadan ayrılmağı düşünmüşdüm. Əlbəttə, qərarlarım, gələcəyim və indiki vəziyyət haqqında daim düşünürəm”.
Sportify.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu deyib.
41 yaşlı hücumçu 2026-cı il dünya çempionatından sonra millidən ayrılma ehtimalını nəzərdən keçirdiyini bildirib: “Mən daim düşünən insanam. Hər şeyi götür-qoy etmək lazımdır. Elə buna görə də indi buradayam. Bu o deməkdir ki, davam edəcəyəm. Mən prezidentimiz və yeni baş məşqçimizlə danışmışam. Hələ də milli komandaya istədiyi məqsədlərə çatmaqda kömək edə biləcəyimə inanıram və artıq heç bir faydamın dəyməyəcəyini hiss etdiyim zaman karyeramı başa vuracağam”.
Ronaldu bildirib ki, milli komandaya təkcə qolları ilə deyil, futboldan kənarda da kömək edə bilər: “Bu, yeni və gənc nəsildir. Amma mənim üçün əsas məsələ meydanda qol vurmaq və komandaya oyunlarda qalib gəlməyə kömək etmək imkanına sahib olmaqdır”.
Portuqaliyalı ulduz əsas heyətdə yer almağa layiq olub-olmadığı barədə də danışıb. O, bəzi televiziya kanallarının artıq milli komandaya çağırılmamasını istədiyini söyləyib: “Mən bunu evdə dostlarımla dəfələrlə müzakirə etmişəm. Uzun illərdir futbol oynayıram və demək olar ki, hər yerdə məni yaxşı qarşılayırlar. Portuqaliya azarkeşlərinin məni sevdiyini hiss edirəm. Amma bəzi televiziya kanallarının məni tənqid etmək istədiyini də başa düşürəm. Onlar çox istəyirlər ki, mən artıq milli komandaya gəlməyim. Hər halda, buna öyrəşmişəm. Artıq 20 ildən çoxdur ki, bunu yaşayıram. Amma mənim xatirələrim yalnız məni sevən insanlarla bağlıdır”.
Qeyd edək ki, Jorje Jezuşun rəhbərliyi altında Portuqaliya millisinin ilk oyunu bu gün Uelsə qarşı olacaq.



No Comment! Be the first one.