“İnter”dən Hakan Çalhanoğlu ilə bağlı yeni qərar
İtaliya nəhəngi “İnter”də çıxış edən Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
Sportify.az xəbər verir ki, İtaliya mətbuatı mövsümün sonunda müqaviləsi başa çatacaq 32 yaşlı futbolçuya yeni sözləşmə təklif olunacağını yazıb.
Məlumata görə, “İnter”in idman direktoru Dario Baccininin yaxın həftələrdə Hakanın meneceri Qordon Stipiçlə görüşərək futbolçunun gələcəyini müzakirə edəcəyi gözlənilir.
Klub rəhbərliyinin baş məşqçi Kristian Kivunun əsas oyunçularından biri hesab etdiyi Hakanı komandada saxlamaq istədiyi bildirilir. Lakin “İnter”in türkiyəli yarımmüdafiəçidən maaşında endirim etməsini tələb edəcəyi qeyd olunur.
Hazırda mövsümə 6,5 milyon avro xalis qazanan Hakan Çalhanoğluna illik 4,5 milyon avro maaş və bonuslardan ibarət 2 illik müqavilə təklif ediləcəyi iddia olunur.
Buna səbəb kimi isə futbolçunun son illərdə zədələr səbəbindən bir sıra matçları buraxması və hazırda qasıq nahiyəsindən zədəli olması göstərilir.
Hakan Çalhanoğlu ilə “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın da maraqlandığı bildirilir. Bundan başqa, “Yuventus”un da 32 yaşlı futbolçunu izlədiyi və “İnter”lə yeni müqavilə ilə bağlı razılıq əldə olunmasa, transfer üçün hərəkətə keçə biləcəyi qeyd edilir.



No Comment! Be the first one.