“Roma” yeni stadionla bağlı icazə aldı
İtaliyanın “Roma” futbol klubu yeni ev stadionunun tikintisi ilə bağlı mühüm mərhələnin geridə qaldığını açıqlayıb.
Sportify.az klubun rəsmi ssaytına istinadən xəbər verir ki, Romanın yerli hakimiyyət orqanları yeni stadion layihəsinin həyata keçirilməsinə razılıq verib.
Hazırda “Roma” və “Latsio” klubları ev oyunlarını 70 min 634 tamaşaçı tutumuna malik “Olimpiko” stadionunda keçirirlər. Arena İtaliya Milli Olimpiya Komitəsinə məxsusdur.
“Roma” klubu layihənin reallaşmasına töhfə verən dövlət qurumlarına və digər tərəflərə təşəkkür edib. Bildirilib ki, klub Roma şəhər administrasiyasına (“Roma Capitale”), AVRO-2032-nin hazırlığı üzrə komissara, Latsio regionunun rəhbərliyinə, idman və gənclər siyasəti nazirinə, prosesdə iştirak edən digər dövlət qurumlarına, həmçinin mütəxəssislərə və tərəfdaşlara minnətdarlığını ifadə edir.
Klub rəhbərliyi, həmçinin yeni stadion layihəsinin həyata keçirilməsini səbirsizliklə gözləyən və bu müddət ərzində komandaya dəstək olan azarkeşlərə xüsusi təşəkkürünü bildirib.



No Comment! Be the first one.