Baş məşqçi: "Turan"ın hədəfi mərhələni keçməkdir
“Avropada təlim-məşq toplanışımız qənaətbəxş oldu. İtaliya və Yunanıstan klubları ilə, sonda isə “Fənərbağça” ilə yoldaşlıq görüşlərimiz oldu. Hazırlıq çərçivəsində həm Bakıda, həm də Tovuzda yoxlama oyunları keçirməyimiz nəzərdə tutulub”.
Sportify.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Turan” komandasının baş məşqçisi Ziya Rəcəbov Çempionlar Liqasına hazırlıq prosesini dəyərləndirərkən deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, təcrübəli voleybolçulardan ibarət heyətin toplanması özünün seçimi olub: “Çempionlar Liqasında təcrübəli oyunçularla çıxış etməyin daha doğru olduğunu düşünürəm. Hər zaman təcrübə öz sözünü deyir”.
Rəcəbov komandasını Xorvatiya “Mladost”u ilə gərgin oyunun gözlədiyini bildirib: “Rəqib çox təcrübəlidir və uzun illərdir fəaliyyət göstərir. Çətin qarşılaşma olacaq. Hədəfimiz mərhələni keçmək və eyni zamanda qrupa düşməkdir”.
Voleybolçu Nilufər Ağazadə isə ilk dəfə Çempionlar Liqasında iştirak etmələrinə baxmayaraq, ən yüksək yerləri tutmaq arzusunu ifadə edib: “Təlim-məşq toplanışlarımız yaxşı keçdi. Bir neçə ölkədə olduq və hər birində yoxlama oyunları keçirdik. Əsas məqsədimiz Çempionlar Liqasındakı oyuna tam hazır olmaqdır. Hədəfimiz mərhələni keçmək olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində “Turan” və “Mladost” arasındakı ilk oyun oktyabrın 20-də Tovuzda, cavab görüşü isə oktyabrın 29-da olacaq.



No Comment! Be the first one.