Coy Lens Mikels: Onlar bu mükafata daha layiqli idilər - MÜSAHİBƏ
“Sabah” komandasının futbolçusu Coy Lens Mikels evdə Çexiya təmsilçisi “Slaviya Praqa”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, UEFA tərəfindən oyunun ən yaxşısı seçilən almaniyalı hücumçu öncə qarşılaşmanı dəyərləndirib:
— Oyun haqqında danışsaq, çox çətin oyun oldu. Bilirdik ki, “Slaviya Praqa” bizə qarşı təxminən eyni üslubda oynayacaq. Buna görə də yaxşı hazırlaşmışdıq. Öz oyunumuzu göstərməyə çalışdıq, amma çətin idi. Bilirsiniz, Çempionlar Liqasında hər kəs çempiondur. Buna görə də oyunda hər cür vəziyyətlə qarşılaşmaq mümkündür.
Düşünürəm ki, ilk hissədə bir az da bəxtimiz gətirdi. İkinci hissədə isə meydana daha yaxşı qayıtdıq və oyunumuz bir qədər yaxşılaşdı. “Borussiya Dortmund”la qarşılaşmada mütləq daha yaxşı oynamalıyıq. Amma bu oyunda qələbə qazandığımız üçün çox qürurluyuq.
Bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirik. Ümid edirik ki, gələn həftə “Borussiya Dortmund”la oyunumuza daha çox azarkeş gələcək və bizi daha da güclü dəstəkləyəcəklər.
— İndi isə vurduğunuz qola keçək. Çox yaradıcı və gözəl qol idi…
— Bəli, mənim üçün xüsusi qol idi. Amma düzü, çox şanslı alındı. Bununla belə, sonda heç kim qolu necə vurduğunu soruşmur. Əsas odur ki, qol vurmuşam. Çempionlar Liqasında daha bir qol vurmaq mənim üçün çox xüsusi hissdir.

— Matçın ən yaxşı oyunçusu seçildin…
— Bəli, matçın ən yaxşı oyunçusu seçildiyimi bilirəm. Amma Akim Zedadka da çox yaxşı oynadı. İvan Lepinitsa da əla çıxış etdi. Düşünürəm ki, bəzi futbolçular bu mükafata bəlkə də məndən daha çox layiq idilər. Çünki müdafiədə möhtəşəm oyun nümayiş etdirdilər.
Buna baxmayaraq, bu mükafatı qazandığım üçün qürurluyam. Bu, “Sabah”ın tarixində ilk belə nailiyyətdir. Buna görə təşəkkür edirəm.
— Çempionlar Liqasında maksimum neçə xal toplaya biləcəyinizi düşünürsən?
— Görəcəyik, görəcəyik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.