NBA klublarının sahibləri LeBron Ceymsin xüsusi müqaviləsinin araşdırılmasını istəyirlər
Araşdırmaçı jurnalist Pablo Torre NBA klublarının sahiblərinin müraciətindən sonra LeBron Ceymsin “Fanatics” şirkəti ilə müqaviləsi çərçivəsində helikopter xidmətlərindən istifadəsini və uçuş xərclərini kimin ödədiyini araşdırmaq niyyətindədir.
Sportify.az xəbər verir ki, bu barədə Torre “Front Office Sports” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, bəzi NBA klublarının sahibləri Ceymsin “Filadelfiya 76ers”də çıxışı ilə əlaqəli əldə etdiyi xüsusi şərtlərlə maraqlanıblar.
Nəşrin məlumatına əsasən, Nyu-Yorkla Filadelfiya arasında helikopter uçuşunun qiyməti təxminən 4 000–10 000 dollar arasında dəyişir. Ceymsin bu səfərlərlə bağlı xərcləri özü ödəmədiyi, onun korporativ aviasiyadan istifadə imkanının isə 2024-cü ilin yanvarında “Fanatics” şirkəti ilə imzaladığı müqavilə çərçivəsində təmin olunduğu bildirilir. Müqavilənin maliyyə dəyəri açıqlanmayıb.
“Front Office Sports” uçuş məlumatlarını da araşdırıb. Nəşrin məlumatına görə, bir həftə ərzində “Fanatics”ə məxsus helikopter Nyu-Yorkla Filadelfiya arasında 12 uçuş həyata keçirib. Uçuş təxminən 30 dəqiqə çəkir. Müqayisə üçün, avtomobillə eyni marşrut üzrə səfər adətən 1,5–2 saat davam edir.
“Fanatics”in təsisçisi və baş direktoru Maykl Rubin əvvəllər “Philadelphia 76ers” klubunun sahibi olan Harris Blitzer Sports & Entertainment şirkətində azlıq payına sahib olub. O, 2022-ci ildə həmin payı satıb.
LeBron Ceymsin korporativ aviasiyadan istifadə imkanını da əhatə edən “Fanatics” müqaviləsi isə 2024-cü ilin yanvarında imzalanıb.
2026-cı ilin yayında Ceyms “Filadelfiya 76ers”lə ikiillik, ümumi dəyəri 8 milyon dollar olan müqavilə imzalayıb. Onun 2026–2027-ci illər mövsümündəki maaşının 3,87 milyon dollar təşkil edəcəyi bildirilir. Bu məbləğ basketbolçunun NBA karyerası ərzində əldə etdiyi ən aşağı mövsümlük maaşdır.
Mənbənin məlumatına görə, Ceyms 24 mövsüm ərzində reklam müqavilələrindən əldə etdiyi gəlirlər nəzərə alınmadan, yalnız oyunçu müqavilələri vasitəsilə təxminən 600 milyon dollar qazanıb.
Qeyd edək ki, helikopter uçuşlarının maliyyələşdirilməsi və tərəflər arasındakı razılaşmanın şərtləri ilə bağlı sualların araşdırılması hələ müqavilədə qayda pozuntusunun müəyyən edildiyi anlamına gəlmir.



No Comment! Be the first one.