Azərbaycan millisi Asiya Kubokunun II mərhələsində iştirak edəcək
Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqda keçiriləcək Asiya Kubokunun II mərhələsində mübarizə aparacaq.
Sportify.az xəbər verir ki, 24-29 oktyabr tarixlərində İraqın Süleymaniyyə şəhərində 2026-cı il Asiya Kubokunun II mərhələsi – Dünya reytinq turniri təşkil olunacaq.
19 ölkənin təmsilçilərinin qatılacağı yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq. Komandanın heyətində Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva yer alıblar.
İdmançılar açıq havada 70 metr məsafədən klassik yay (recurve) üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında qüvvələrini sınayacaqlar.
Milliyə baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.
Qeyd edək ki, Dünya reytinq turniri idmançılar üçün beynəlxalq səviyyədə təcrübə qazanmaq, rəqabət şəraitində çıxış etmək və reytinq xallarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.




No Comment! Be the first one.