Filipe Kandido: Daha çoxunu haqq edirdik, komandamın bu nəticəyə layiq olduğunu düşünmürəm
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– Bizim üçün məyusedici nəticə oldu. Düşünürəm ki, komandamız bu gün yaxşı oynadı və yekun nəticədə daha çoxunu haqq edirdi. Bununla belə, oyuna yaxşı başlamadıq. Hücum qurarkən vacib vəziyyətlərdə top itkilərinə yol verdik və rəqibə qol imkanları yaratdıq. “Zirə”nin isə bu fürsətlərdən yararlanacaq keyfiyyətli futbolçuları var. Buna baxmayaraq, komandamın reaksiyasını və xarakterini bəyəndim. Hesabda 0:2 geridə olsaq da, mübarizəni dayandırmadıq və fasiləyə qədər fərqi azaltdıq. Fasilədə futbolçulara oyunu çevirə biləcəyimizə inandığımı dedim. İkinci hissəyə çox yaxşı başladıq, iki qol vurduq, lakin onlardan yalnız biri qeydə alındı. Ən çox təəssüfləndiyim məqam da budur. Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik. Oyunun sonlarında rəqibin qol vurmaq üçün hücumlarını gücləndirəcəyini bilirdik. Təəssüf ki, müdafiədə xırda detallarda səhvlərə yol verdik və bu da məğlubiyyətimizə səbəb oldu. Futbolçularım bu nəticəyə layiq deyildilər. Bununla belə, məşqçi kimi mənim üçün vacib olan komandamın liqanın güclü kollektivlərinə qarşı oynamaq qabiliyyətini görməkdir. İnanıram ki, bu komanda həmin rəqiblərlə rəqabət aparmaq gücündədir və gələcəkdə daha yaxşı nəticələr qazana bilərik.
– Bu gün Nihad Əhmədzadə yaxşı təsir bağışlasa da, klassik mərkəz hücumçusu təsiri yaratmadı. Onun çıxışını necə qiymətləndirirsiniz?
– Yaxşı sualdır. Biz Nihatla fərqli xüsusiyyətlərə malik olan doqquz nömrə mövqeyində oynayırıq. O, ənənəvi mərkəz hücumçularından fərqlənir, lakin düşünürəm ki, bu gün çox yaxşı iş gördü. Qol vurdu, həm hücumda, həm də müdafiədə komandaya kömək etdi. Onun çıxışından razıyıq. Digər tərəfdən, iki hücumçumuzu – Jeni və hazırda Rüstəmi itirdiyimizi də nəzərə almalıyıq. Belə vəziyyətlərdə oyun ərzində fərqli həll yolları tapmaq asan deyil. Ancaq məşqçi kimi mənim vəzifəm alternativlər axtarmaqdır. İnanıram ki, gələcəkdə daha çox seçim imkanımız olduqda fərqli variantlardan istifadə edərək daha yaxşı nəticələr qazana biləcəyik.
– “Araz-Naxçıvan” üzərində qələbədən sonra “Zirə” ilə də yaxşı oyun keçirdiniz. Qarşıda “Şəfa” ilə matç var. Sizcə, növbəti oyunlardan sonra turnir cədvəlində daha yaxşı mövqeyə yüksələ biləcəksinizmi?
– Mən heç bir oyunun asan keçəcəyini düşünmürəm. Hər rəqib bizi məğlub etmək üçün əlindən gələni edəcək. Buna görə də yenidən güclü olmalı, son oyunlarda göstərdiyimiz futbolu davam etdirməliyik. Yalnız belə yanaşma ilə növbəti qələbələri qazanmaq mümkündür. Əvvəldə də dediyim kimi, hazırda turnir cədvəlindəki mövqeyimizə çox diqqət yetirmirəm. Əlbəttə, bu, vacib məsələdir. Ancaq biz hazırda komanda quruculuğu prosesindəyik. Yaxşı futbol oynayan, güclü kollektiv yaratmağa çalışırıq. İnanıram ki, son oyunlardakı çıxışımız daha yaxşı nəticələr qazanmağa imkan verir. Bu gün istədiyimiz nəticəni əldə edə bilmədik, amma seçdiyimiz yol budur. Növbəti oyunda da yaxşı oynasaq, qələbəyə daha yaxın olacağıq. “Şəfa” ilə matça da qələbə qazanmaq məqsədilə çıxacağıq.
– Hakim qərarları, xüsusilə qeydə alınmayan qol barədə nə düşünürsünüz?
– Ümumiyyətlə, hakimlər haqqında danışmağı sevmirəm. Təbii ki, bəzi epizodlar və qərarlarla bağlı öz fikrim ola bilər. Mənim düşüncəmə görə, həmin qol epizodunda ofsayd yox idi. Bu, mənim şəxsi fikrimdir. Hakimlərin də qərar vermək üçün asan vəziyyətdə olmadığını başa düşürəm. Onların VAR sistemi və düzgün qərar qəbul etmək üçün lazımi imkanları var. Bununla belə, verilən qərara hörmət etmək lazımdır. Əsas məsələ odur ki, komandamız həmin qərardan sonra ruhdan düşmədi və mübarizəni davam etdirdi. İkinci qolu da vurduq, hətta üçüncü qol üçün imkanlarımız oldu. Düşünürəm ki, həmin vaxt qol vura bilsəydik, oyunu qazanmaq şansımız da yüksək olardı. Oyunun son dəqiqələrində “Zirə”nin daha çox hücum edəcəyini bilirdik. Onlar qol imkanlarından birini dəyərləndirdilər və nəticədə məğlub olduq.
– Vəli Qasımovla Bakıda görüşmüsünüzmü? Onu necə xatırlayırsınız?
– Vəli Qasımov karyeram ərzində gördüyüm ən yaxşı futbolçulardan biridir. Biz “Vitoriya”da birlikdə oynamışıq. O, öz dövrünün möhtəşəm hücumçularından biri idi və eyni zamanda çox yaxşı insandır. Ona böyük hörmətim var. Azərbaycana gəldikdən sonra hələ şəxsən görüşmək imkanımız olmayıb, amma telefonla danışmışıq. O, mənim üçün həm böyük futbolçu, həm də yaxın dostdur.
– Birlikdə oynadığınız vaxt siz gənc futbolçu idiniz. Vəli Qasımovdan nələr öyrənmisiniz?
– Onunla birlikdə oynadığım vaxt mənim 18-19 yaşım var idi, Vəlinin isə təxminən 30-31 yaşı olardı. Karyerasının sonlarına yaxınlaşsa da, meydanda möhtəşəm işlər görürdü. Ondan futbolçu kimi çox şey öyrənmişəm. Həm meydanda, həm də meydandan kənarda mənə çox şey qazandırıb. Onu həm oyunçu, həm də insan kimi çox istəyirəm və ona böyük hörmət bəsləyirəm.



No Comment! Be the first one.