Umarali Raxmonaliyev: Kim güclüdürsə, o da çempion olsun
“Sabah” – “Qarabağ” (0:0) matçından sonra meydan sahiblərinin futbolçusu Umarali Raxmonaliyev oyunla bağlı fikirlərini bölüşüb.
Sportify.az özbəkistanlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
– Bu gün maraqlı və gərgin oyun izlədik. Matç haqqında fikirləriniz necədir?
– Düşünürəm ki, bu gün oyun çox maraqlı keçdi və tamaşaçılar üçün də baxımlı oldu. Qələbə qazanmaq istəyirdik, amma sonda heç-heçə ilə kifayətləndik. Fikrimcə, şanslarımızı dəyərləndirə bilmədik və nəticədə belə alındı.
– Stadiondakı atmosfer və meydançanın vəziyyəti haqqında nə deyə bilərsiniz?
– Atmosfer möhtəşəm idi, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Həm stadion, həm də meydançanın qazonu çox yaxşı vəziyyətdə idi. Biz də oyundan zövq aldıq. Düşünürəm ki, bütün bunlar matçın maraqlı keçməsinə öz töhfəsini verdi.
– Bu mövsüm çempionatın daha maraqlı və rəqabətli olacağını düşünürsünüz?
– Bəli, düşünürəm ki, bu il daha maraqlı çempionat olacaq. Çünki bütün komandalar mübarizə aparır və rəqabət yüksəkdir. Bu da azarkeşlər üçün yaxşıdır. İstəyirəm ki, hamı çempionatın sonuna qədər maraqla izləsin və sonda kim güclüdürsə, o da çempion olsun.
– Qarşıdakı oyunlarda həm avrokuboklarda, həm də çempionatda mübarizə aparmaq çətin olmayacaq?
– Əlbəttə, çətin olacaq. Amma düşünürəm ki, buna öyrəşməliyik. Çünki hər iki turnirdə yaxşı çıxış etmək istəyiriksə, buna hazır olmalıyıq. Çalışmalıyıq ki, həm avrokuboklarda, həm də çempionatda komandamızın qarşısına qoyulan məqsədlərə nail olaq.
– Oyunu FIFA prezidenti Canni İnfantino da izləyirdi. Bundan xəbəriniz var idi?
– Xeyr. Açığı, bilmirdim. Sizdən eşidirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.