Mahmud Qurbanov: Ən yaxşı futbolçularımız 15 yaşlılar arasındadır – MÜSAHİBƏ
Azərbaycan U-18 millisinin baş məşqçisi Mahmud Qurbanovun FİFA U-15 dünya çempionatı və festivalı ilə bağlı Sportify.az-a müsahibəsi:
– Turnirlə bağlı fikirləriniz necədir?
– Yaxşı turnirdir. İlk dəfə ölkəmizdə keçirilir və çox maraqlıdır. Maraqlı oyunlar var, biz də izləyirik. Futbol oynamaq üçün gözəl stadionlar tikilib, yaxşı şərait yaradılıb. Özünüz də görürsünüz, həm səhər, həm də axşam hər şey yüksək səviyyədədir. Məncə, turnir çox maraqlı və yaxşı keçir.
– Azərbaycan millisi turnirə yaxşı başlasa da, sonrakı oyunlarda iki məğlubiyyət də aldı və qrupda üçüncü yeri tutdu. Sizcə, bu, nə ilə bağlıdır?
– Əlbəttə, nəticə vacibdir, qələbə qazanmaq lazımdır. Amma düşünürəm ki, uşaqlarımızın oyun təcrübəsi toplaması, beynəlxalq səviyyədə qarşılaşmalarda iştirakı və xarici ölkələrin komandaları ilə oynaması çox yaxşıdır. Millimiz də pis oynamır. Düzdür, qələbələrlə yanaşı, məğlubiyyətlər də oldu. Buna baxmayaraq, uşaqlarımız pis təsir bağışlamırlar. Onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar.
– Əsas millidən sonra U-15 yığması da Haitiyə məğlub oldu. Bunun səbəbini nədə görürsünüz?
– Məncə, bu komandaları müqayisə etmək düzgün deyil. Futboldur, hansı ölkənin komandası ilə oynamağından asılı olmayaraq, burada həm qələbə, həm məğlubiyyət, həm də heç-heçə olur. Ona görə də ölkələri bu baxımdan müqayisə etmək çətindir. Futbolda hər nəticə mümkündür.
– Bəs milli komandalarımızın oyununda gələcək üçün perspektiv görürsünüzmü?
– Bizim ən yaxşı futbolçularımız 15 yaşlılar arasındadır. Onların inkişaf etməsi və potensiallarını üzə çıxarması üçün hələ vaxt var. Bizə qalan işləmək və gözləməkdir. İnanıram ki, bu uşaqlar potensiallarını reallaşdıracaq, gələcəkdə U-21 və əsas milli komandamız üçün yaxşı futbolçular yetişəcək.
Bahar RÜSTƏM



No Comment! Be the first one.