“Shirvan Open 2026” şahmat festivalının qalibləri bəlli oldu
Oktyabrın 26-da “Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Sportify.az xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar.
A turnirində 9 turdan sonra 7,5 xal toplayan Murad İbrahimli birinci yeri tutub. Hərəyə 7 xal qazanan Namiq Quliyev və Hindistan təmsilçisi Visakh isə ikinci-üçüncü yerləri bölüşüblər.
B turnirində Ümid Ələsgərov 7 xalla qalib adını qazanıb. Duyğu Bağırova ikinci, Ayyub Zəkiyev isə üçüncü yeri tutub.
Festival çərçivəsində keçirilən əlavə yarışlarda da Hindistan şahmatçıları fərqləniblər. Hagavane Aakanksha rapid, Visakh isə blits üzrə birinci olub.
Altı ölkədən 150-yə yaxın şahmatçının iştirak etdiyi festival gərgin mübarizə və maraqlı qarşılaşmalarla yadda qalıb.
Qeyd edək ki, “Shirvan Open 2026” beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 22 670 manat təşkil edib.













No Comment! Be the first one.