Dünya çempionatı: Qadın güləşçilərimizdən uğursuz start
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 3 qadın güləşçisindən 2-si mübarizəyə qoşulub.
Sportify.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Jalə Əliyevanın ilk görüşü təsnifat mərhələsinə təsadüf edib.
Macarıstanlı Tamara Dollakla qarşılaşan Əliyeva tuşla (təmiz qələbə) qalib gəlib.
Lakin o, 1/8 finalda polşalı Maqdalena Urşula Qlodekə uduzub – 8:14. Qlodek finaladək irəliləyə bilmədiyi üçün Əliyeva çıxışını erkən başa vurub.
65 kq çəkidəki Birgül Sultanova isə elə ilk görüşdəcə məğlubiyyətlə üzləşib. Onun 1/8 finalda məğlub olduğu özbəkistanlı Nabira Esenbayeva da finala yüksələ bilməyib. Nəticədə Sultanova yarışla vidalaşıb.
Azərbaycanın qadın güləşində son təmsilçisi Ruzanna Məmmədova (59 kq) isə oktyabrın 29-da tatami üzərinə çıxacaq.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən İslam Abbasov təsəlliverici görüşlərə çıxıb. O, əvvəlcə Amerikan Samoası təmsilçisi Latana Sopaya tam üstünlüklə (8:0) qalib gəlib. Abbasov ikinci təsəlliverici görüşdə isə gürcüstanlı dünya çempionu Laşa Qobadzeyə 3:5 hesabı ilə uduzaraq, dünya çempionatı ilə vidalaşıb.
Bu axşam Həsrət Cəfərov (67 kq) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Baqdat Sabaz olacaq.
Nihat Məmmədli (63 kq) isə Ermənistan təmsilçisi Karen Aslanyanla finalda üz-üzə gələcək. Görüşün nəticəsindən asılı olaraq, Məmmədli ya qızıl, ya da gümüş medala sahib olacaq.
Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.



No Comment! Be the first one.