İsmail Kartalın istefasının pərdəarxası
Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi İsmail Kartal vəzifəsindən ayrılıb.
Sportify.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisin istefasını qəbul edib.
İsmail Kartal “Qalatasaray”a 1:2 hesablı məğlubiyyətdən sonra Samandıra bazasında keçirilən görüşdə istefa qərarını rəhbərliyə çatdırıb. Klub rəhbərliyi onun qərarını qəbul edib və 65 yaşlı mütəxəssislə yollar ayrılıb.
“Fənərbağça” da rəsmi saytı vasitəsilə baş məşqçiyə təşəkkür edib: “Baş məşqçimiz İsmail Kartal vəzifəsindən ayrılmaq qərarını rəhbərliyimizlə bölüşüb. Keçirilən müzakirələrdən sonra bu qərar qarşılıqlı anlayış və hörmət çərçivəsində dəyərləndirilib. Klubumuza verdiyi töhfələrə, göstərdiyi fədakarlığa və “Fənərbağça”ya bağlılığına görə İsmail Kartala təşəkkür edirik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Maraqlıdır ki, Kartal son 1,5 ayda ikinci dəfə istefa verib. O, sentyabrın 10-da İtaliya “Roma”sı ilə UEFA Çempionlar Liqası oyunundan sonra da istefa qərarını açıqlamışdı. Lakin rəhbərliyin dəstəyi ilə fikrindən daşınaraq komandanın başına qayıtmışdı.
Bu dəfə isə mütəxəssis qərarından geri çəkilməyib. Klub prezidenti Aziz Yıldırım onu vəzifəsində qalmağa razı salmağa çalışsa da, Kartal mövcud şəraitdə fəaliyyətini davam etdirməyin həm özü, həm də klub üçün düzgün olmayacağını bildirib: “Psixologiyam artıq buna tab gətirmir, özümü də motivasiya edə bilmirəm. Klubun da qarşısını açmaq istəyirəm. Həm mənim, həm də klub üçün xeyirlisinin bu olduğuna inanıram”.
İsmail Kartal iyunun 18-də dördüncü dəfə “Fənərbağça”nın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 18 oyunda 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. Bu qarşılaşmaların 9-u UEFA Çempionlar Liqasında, 9-u isə Türkiyə Super Liqasında keçirilib.
Kartalın dördüncü dönəmdəki orta xal göstəricisi 1,78 olub. Bu, onun İstanbul klubundakı dörd təyinatı arasında ən aşağı göstəricidir. Mütəxəssis əvvəlki üç dönəmdə müvafiq olaraq 2,17, 1,95 və 2,40 xal ortalaması ilə işləyib.
Bundan başqa, “Fənərbağça” onun rəhbərliyi altında bu mövsüm keçirdiyi hər iki derbidə məğlub olub. Komanda əvvəlcə öz meydanında “Beşiktaş”a, daha sonra səfərdə “Qalatasaray”a eyni – 1:2 hesabı ilə uduzub.
Axırıncı məğlubiyyətdən sonra “Fənərbağça” liderdən 6 xal geri düşüb və İsmail Kartalın dördüncü dönəmi başa çatıb.



No Comment! Be the first one.