Rəşad Sadıqov: Önəmli üç xal qazandıq
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov evdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:
– Oyuna olduqca yaxşı başladıq və erkən qol vurduq. O qoldan sonrakı dəqiqələrdən etibarən üstünlüyü rəqibə verdik. Rəqib ilk hissənin sonuna qədər bizə aqressiv və yüksək pressinq tətbiq etdi. Bu pressinqin altında demək olar ki, heç cür oyunumuz alınmırdı.
Fasilədən sonra oyun dəyişdi və tədricən bizim üstünlüyümüzə keçdi. İstədiyimiz oyunu sərgiləməyə başladıq və dəqiqələr ötdükcə – xüsusilə də 55 – 60-cı dəqiqədən sonra – meydanda tam olaraq görmək istədiyim “Zirə”ni gördük. Çoxsaylı hücumlar etdik, amma rəqibin müdafiəsini yarımaq asan deyildi, onlar çox yaxşı müdafiə olunurdular.
Cənab Bekirinin gəlişindən sonra “Qəbələ”də çox ciddi irəliləyişlər var idi ki, bunu son turlarda da görürdük. Komandanın oyun fəlsəfəsindəki dəyişikliyi, taktiki və mental hazırlığı öz üzərimizdə də hiss edirdik. Bilirdik ki, bu gün bizim üçün oyun olduqca ağır keçəcək.
Amma sevinirik ki, oyunun sonlarına yaxın – əvvəlcə Davit Volkovun yaxşı qol epizodu oldu – həmin məqamda müdafiəni yara bildik və sonda Vierinya ilə Kris Diqbeunun kombinasiyası nəticəsində qol vura bildik. Ümumilikdə, bizim üçün çox ağır oyun oldu, lakin önəmli üç xal qazandıq. Futbolçularımızı, rəhbərliyimizi və bizi son ana qədər dəstəkləyən azarkeşlərimizi təbrik etmək istəyirəm.
Hesab bizim üçün qənaətbəxş deyildi, amma azarkeşlər son saniyələrə qədər bir saniyə belə dayanmadılar, komandaya inandılar, qələbəyə səslədilər və sonda bu qələbəni qazandıq. Bütün “Zirə” camiəsini təbrik edirəm.
– Maraqlıdır ki, adətən əsas heyət oyunçusu olmayan, yəni ehtiyac yarandıqda sonradan meydana daxil olan Elçin Əlicanov bu dəfə əsas heyətdə şans qazandı. Halbuki Vierinya və Kris Diqbeu kimi futbolçular ehtiyatda qalmışdı. Amma dediyiniz kimi, sonradan həmin o oyunçular meydana daxil oldu və birbaşa qolda iştirak etdilər. Bu, sizin əvvəlcədən planlaşdırdığınız gediş idi, yoxsa…?
– Bəli, biz oyuna 4-2-3-1 sistemi ilə hazırlaşırdıq. Bu düzülüşdə əsas heyətdə İsmayıl İbrahimli başlamalı, sağ vinger mövqeyində isə İssa Cibrila yer almalı idi. Lakin hər iki oyunçu üç gün öncə zədələndi və məcburiyyətdən beşli sistemə keçdik. Çünki Diqbeu ilə başlasaydık, oyunun sonuna doğru komandanı gücləndirmək üçün ehtiyatımız qalmayacaqdı. Vierinya ilə başlasaydıq, onun gücü maksimum 45–55 dəqiqəyə çatar-çatmazdı, çünki artıq iki aydır oynamır. Bu iki seçim arasında qalıb düşündük ki, oyunun ikinci hissəsi daha həlledici olacaq, ona görə də hər ikisini ikinci hissəyə saxladıq.
Bilirsiniz, belə şeyləri düşünürük, amma bunun yüz faiz qarantiyası yoxdur ki, hər şey düşündüyümüz kimi alınacaq. Ola bilərdi ki, bunu edərdik və tam əksinə, məğlub olardıq. Amma düşüncəmiz bu idi və sevinirik ki, uğurlu alındı.
– Riçard Almeyda ilə də yəqin ki, görüşdünüz. Onunla nə danışdınız, söhbət etdinizmi?
– İlk sözüm o oldu ki, bu, çox ağır işdir. Hələ məşqçiliyin necə iş olduğunu bilmir. Uzaqdan bir-birimizə tərəf gələndə – görüşməmişdən öncə dedim ki, məşqçilik həqiqətən çox çətin işdir. O da “Görürəm. Çox stresli peşədir” deyə təsdiqlədi. Həqiqətən də belədir. Çalışırıq ki, işimizin öhdəsindən gələk. Bəzən alınır, bəzən alınmır. Komandada işimizi vicdanla görməyə çalışırıq.



No Comment! Be the first one.