Yeton Bekiri: Nələrisə dəyişmək üçün zamanımız var
“Oyunun böyük hissəsində yaxşı çıxış edirdik. Son 20 dəqiqədə fiziki cəhətdən çatdıra bilmədik. 89-cu dəqiqədə komandasının top buraxması istənilən baş məşqçi üçün pis hissdir. Həmin epizodda qol vuran rəqib futbolçunun ətrafında ona mane ola biləcək 5 oyunçumuz var idi. Onlar mane olmalı idilər ki, qol buraxmayaq. Amma bu, futboldur. Futbolda hər şey olur. Üzərində çalışmalı işlərimiz olacaq”.
Sportify.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, komandasının zərbə anında qərar verə bilməmələrinin müxtəlif səbəbləri var: “Razıyam, hücumda çatışmazlıqlarımız var. Qollarımızı da asanlıqla vurmuruq, hamısında çətinliklər olur. Amma bu məsələyə bəzi hallarda keyfiyyət, bəzi hallarda isə iş baxımından yanaşmaq lazımdır. Zamanımız var ki, üzərində işləyək, nələrisə dəyişək, nəyisə düzəldək. “Zirə”ni də təbrik edirəm. Onlarla başabaş oynadıq. Əvvəlki oyunlarımızda da çətin rəqiblərimiz oldu. Elə bir qrafik düşdü ki, bizə çətin oldu. Yenə də zamanımız var, işləyəcəyik”.
Şimali makedoniyalı baş məşqçi komandaya gəlişindən sonra Eşqin Əhmədovun Azərbaycan millisinə dəvət almasına isə belə reaksiya verib: “Eşqini bu münasibətlə təbrik etmək istərdim. O, uzun müddətdir “Qəbələ”də çıxış edir və keyfiyyətli futbolçudur. Belə bir səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub. Mənim də bir balaca köməyim dəymiş ola bilər”.



No Comment! Be the first one.