“Tenerife”dən ölən futbolçu ilə bağlı nümunəvi addım
İspaniyanın “Tenerife” klubunun baş direktoru Antonio Manuel Porro Qranados bu həftə vəfat edən futbolçu Xesus de Migelin ailəsinə dəstək göstəriləcəyini təsdiqləyib.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Klub rəhbəri bildirib ki, komanda futbolçunun qızına yetkinlik yaşına çatana qədər dəstək olmağı planlaşdırır.
“Planımız qıza dəstək olmaq və “Tenerife” ailəsinin bütün üzvlərinin onun yanında olmasını təmin etməkdir. Ən azı yetkinlik yaşına çatana qədər onun dəstəyini davam etdirmək istəyirik” – Porro Qranados deyib.
O, klubun qanunla nəzərdə tutulan öhdəliklərindən əlavə, ailəyə mümkün olan maksimum yardımı göstərəcəyini də vurğulayıb:
“Bütün istiqamətlərdə əlimizdən gələn dəstəyi verəcəyik. Həmçinin maliyyə yardımını artırmağın digər yollarını da araşdırırıq ki, baş verən faciənin ailənin maddi vəziyyətinə təsiri mümkün qədər az olsun”.
Qeyd edək ki, Xesus de Migel İspaniya çempionatının ikinci divizionunda keçirilən ev oyununda rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib. “Tenerife”nin futbolçusu huşunu itirib və tibbi müdaxilədən sonra xəstəxanaya çatdırılıb. O, ertəsi gün vəfat edib.



No Comment! Be the first one.