Filipe Kandido: Son səkkiz oyunda yalnız “Zirə”yə məğlub olmuşuq
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının XI turunda “İmişli” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– Əvvəlcədən balanslı oyun olacağını bilirdik. Çünki bu günə qədər bu meydanda həmin rəqibə yalnız “Neftçi” və “Qarabağ” qalib gələ bilmişdi. Turnir cədvəlində də rəqibimizi qabaqlamaq baxımından bu matç bizim üçün vacib idi. Düşünürəm ki, rəqibdən daha yaxşı oynadıq, lakin bu, qələbə qazanmaq üçün kifayət etmədi. 90 dəqiqə ərzində daha çox qol vəziyyəti yarada bilərdik. Rəqib kompakt şəkildə, aşağı blokda müdafiə olunanda onu yarmaq asan deyil. Eyni zamanda əks-hücumlarda təhlükə yarada biləcək futbolçularının olduğunu nəzərə alaraq diqqətli olmalı idik. Komandamız bu gün balanslı oyun sərgilədi və mövsümdə ilk dəfə qol buraxmadıq. Bu, məşqçi kimi mənim üçün müsbət məqamdır. Əlbəttə, qələbə qazanmaq istəyirdim, amma oyunun yaxşı tərəflərini də görməliyik. İkinci hissədə qol vurduq, lakin çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Hücumun sonuncu mərhələsində daha yaxşı oynamalıyıq. Gələcəkdə daha çox qələbə qazanmaq üçün bu istiqamətdə inkişaf etməliyik. Son səkkiz oyunda yalnız “Zirə”yə məğlub olmuşuq. Təbii ki, bu nəticələr məni və klubu qane etmir. Daha çox qələbəyə ehtiyacımız var.
– Roi Kehatı əvvəlki oyunlarda komandanın əsas futbolçularından biri kimi görürdük. Son matçlarda isə daha çox ehtiyat oyunçular skamyasında qalır. Bunun səbəbi nədir?
– Roi bizim üçün vacib futbolçudur. Bildiyiniz kimi, o, ağır zədə keçirmişdi və uzun müddət oyun praktikasından kənarda qalmışdı. Hazırda normal bərpa prosesindədir. Ona tədricən daha çox oyun dəqiqəsi verməyə çalışırıq. Ötən matçda start heyətində yer almışdı, bu dəfə isə ehtiyatdan meydana daxil oldu. Gələcəkdə onun komandamıza meydanda necə kömək edə biləcəyini görəcəyik.
– Komandanın ilk altılıqda olmaması sizi narahat edir?
– Təbii ki, narahat edir. Mövsümün əvvəlindən daha yaxşı mövqedə olmaq istəyirdik. Çempionata necə başladığımızı hamımız bilirik. İlk vaxtlardan da qeyd etmişdim ki, düşünürəm, mövsümün gedişində daha çox xal toplayacağıq. Bu heç-heçədən və əvvəlki xal itkilərindən razı deyiləm. Amma nəzərə almalıyıq ki, bu il çempionat çox balanslı keçir. Nəticələrdən də göründüyü kimi, demək olar ki, hər komanda digərinə qalib gələ bilər. Turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq istəyirik və hazırkı vəziyyət bizi narahat edir. Bununla belə, gəlin ötən mövsümün noyabr ayında “Sumqayıt”ın hansı vəziyyətdə olduğuna və mövsümün sonunda harada qərarlaşdığına baxaq. Məncə, əsas məsələ mövsümün yekununda hansı nəticəni əldə edəcəyimizdir.
– İmani Barker müdafiəçi olsa da, hücum xəttində çıxış edir. Bu qərarın səbəbi nədir?
– Yaxşı sualdır. Hazırda hücum xəttində istifadə edə biləcəyimiz çox futbolçumuz yoxdur. İmaninin müəyyən keyfiyyətləri var. O, hava toplarında yaxşı mübarizə aparır və fiziki cəhətdən güclüdür. Son dəqiqələrdə də onun qol vurmaq imkanı oldu. Komanda daxilində fərqli həll yolları axtarıram və bu mövqedə ona şans verməyə qərar verdim. Futbolçulardan narazı olduğum məqam isə odur ki, onlar daha erkən anlamalı idilər ki, cərimə meydançasına daha çox ötürmə etmək lazımdır. Demək olar ki, yalnız bir dəfə cinahdan ötürmə etdik və ilk top uğrunda mübarizəni qazandıq. Həmin epizodda az qala qol vuracaqdıq. Təəssüf ki, komanda yoldaşları İmanini tam başa düşə bilmədilər. Daha çox cinah ötürmələrindən istifadə etməli idik. Bu variantı sınadım, nəticə belə oldu.



No Comment! Be the first one.