Ervins Perkons: Hər oyunda maksimum nəticə qazanmağı hədəfləyirik
“İmişli”nin baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının XI turunda “Sumqayıt”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, latviyalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– İlk növbədə Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik etmək istəyirəm. Oyuna gəlincə, düşünürəm ki, kifayət qədər bərabər mübarizə getdi. İlk hissədə planımızı istədiyimiz kimi həyata keçirə bilmədik. Bəzi yaxşı epizodlarımız olsa da, ümumilikdə oyunumuz planlaşdırdığımız səviyyədə deyildi. İkinci hissədə isə daha yaxşı çıxış etdik. Bəlkə də, aşkar qol imkanlarımız çox olmadı, amma xüsusilə son 15 dəqiqədə müəyyən fürsətlər yaxaladıq. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Əlbəttə, istədiyimiz nəticə bu deyildi. Amma futbolda belə hallar olur. Futbolçuların çıxışından, oyun zamanı göstərdikləri yanaşmadan razı qaldım. Sadəcə nəticə bir qədər məyus etdi.
– Bəxtiyar Həsənalızadə zədələndiyi üçün bu görüşdə iştirak edə bilmədi. Onun vəziyyəti necədir? Həmçinin Mehdi Tahirov və Xuan Hernandes ilk dəfə start heyətində meydana çıxdılar. Onların çıxışını necə qiymətləndirirsiniz?
– İlk növbədə, Bəxtiyarın zədəsi ilə bağlı deyim ki, onda müəyyən narahatlıq var idi və təəssüf ki, bu oyunda iştirak edə bilmədi. Xüsusilə müdafiə baxımından onun yoxluğu bizim üçün böyük itki idi. Onun mövqeyində oynayan futbolçulara gəlincə, Rollo da özünə öyrəşdiyi mövqedə çıxış etmirdi, amma yaxşı oynadı. Mehdi isə sağ cinah müdafiəçisi kimi şans qazandı. Düşünürəm ki, yaxşı çıxış etdi. Aktiv idi, hücumlara qoşulurdu, müdafiədə etibarlı oynadı və bir neçə ikili mübarizədən qalib ayrıldı. Onun performansını bəyəndim. Həmişə futbolçulara deyirəm ki, şanslarını dəyərləndirməyə hazır olmalıdırlar. Çünki mövsüm uzundur. Komandada yalnız 11 futbolçu yoxdur. Rotasiyalar, zədələr və cəzalar olur. Buna görə hər kəs hazır olmalıdır. Mehdi yaxşı məşq etmişdi, şansını gözləyirdi və bu imkandan yararlandı. Xuan Hernandesə gəlincə, onun da yaxşı və o qədər də uğurlu olmayan epizodları oldu. O, hələ gənc futbolçudur. Ondan gözlədiklərimizin təxminən 60-65 faizini meydanda göstərə bildi. Müdafiəçilərin arxasına etdiyi yaxşı qaçışlar, boş zonalara açılmaları var idi. Ancaq inkişaf etməlidir. Belə oyunlar onun böyüməsinə və təcrübə qazanmasına kömək edəcək. Komandada rotasiya edə biləcəyimiz futbolçuların olması yaxşıdır. Bu dəyişikliklərin səbəblərindən biri də ehtiyat oyunçular skamyasında daha güclü seçimlərə sahib olmaq istəyimiz idi. İkinci hissədə oyunun gedişatına təsir edə biləcək futbolçuları meydana buraxmaq istəyirdik. Kardoso və Almeidanı oyuna daxil etdikdən sonra qarşılaşmanın gedişində müəyyən dəyişikliklər oldu. Bu da planımızın bir hissəsi idi. Ümumilikdə futbolçular yaxşı oynadılar. Əlbəttə, xüsusilə gənc oyunçuların inkişafı üçün hələ görüləsi çox iş var.
– Komandanın son oyunlardakı çıxışını necə qiymətləndirirsiniz? Baş məşqçi təyinatınızın rəsmiləşməsindən sonra futbolçularda motivasiyanın artdığını söyləmək olarmı? Həmçinin azarkeşlərin dəstəyini necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, burada hər kəsin öz fikri ola bilər. Mənim qənaətimcə, ikinci hissədə taktiki baxımdan, xüsusilə futbolçuların meydandakı düzülüşü baxımından daha yaxşı oynadıq. Amma düşünmürəm ki, mən gəlməklə hər şeyi dəyişmişəm və komanda dərhal qələbələr qazanmağa başlayıb. Hər şey daha çox futbolçulardan asılıdır. Onların məşqlərdə və oyunlarda göstərdikləri motivasiyanı, enerjini görmək mümkündür. Həqiqətən, böyük iş görürlər. Bu nəticələrə görə futbolçulara təşəkkür etməliyik. Azarkeşlərə də minnətdarlığımı bildirmək istəyirəm. Onlar uzun məsafə qət edərək oyunlarımıza gəlir, bizi dəstəkləyir və heç vaxt tək qoymurlar. Bəlkə də, bəzi komandalar üçün süni örtüklü meydanda oynamaq və uzun yol qət etmək çətinlik yarada bilər. Ancaq mən evdə və ya səfərdə oynamağın ciddi fərq yaratdığını düşünmürəm. Əsas məsələ çalışmaq, səy göstərmək və meydanda enerjini ortaya qoymaqdır. Futbolçularımız indiyə qədər bunu bacarıblar. Onların yanaşması çox yaxşıdır və daim əzmlə çalışırlar. Ümid edirəm ki, növbəti oyunlarda da bu cür davam edəcəyik. Həm məşqlərdə, həm də qarşılaşmalarda eyni yanaşmanı qorusaq, böyük bir layihənin təməlini indidən qoya bilərik.
– Komanda son dörd oyunda 7 xal toplayıb. “Turan Tovuz” kimi rəqibə qalib gəlmək də daxil olmaqla, son nəticələr qənaətbəxş görünür. Baş məşqçi kimi gələcəyiniz və bu vəzifəyə rəsmi təyinatınızla bağlı nə deyə bilərsiniz? Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə bu məsələnin həll olunması mümkündürmü?
– Düzünü desəm, dörd oyundan 12 xal toplamaq yaxşı nəticə olardı. Məqsədimiz də bu idi. Nəticələr baxımından razı deyiləm. Futbolçuların göstərdiyi performansdan məmnunam, amma yekun nəticə istədiyimiz kimi deyil. Mənim baş məşqçi kimi rəsmi təyinatıma gəlincə, bu sualı klub rəhbərliyinə, prezidentə və idarə heyətinin üzvlərinə ünvanlamağınız daha doğru olar. Bu, onların qərarıdır. Hazırda mən sadəcə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qərar vermək klubun səlahiyyətindədir.
– Bəs gələcəkdə baş məşqçi kimi fəaliyyətinizi davam etdirmək ehtimalı varmı?
– Bunu zaman göstərəcək. Dediyim kimi, hər oyunda məqsədimiz qələbə qazanmaqdır. Strategiyamız qalib gəlməyin yollarını tapmaqdan ibarətdir. Bəziləri bunu həddindən artıq optimist yanaşma hesab edə bilər. Ancaq hər komandanın həm güclü, həm də zəif tərəfləri var. Bizim də üstün və çatışmayan cəhətlərimiz mövcuddur. Məşqçilərin işi məhz bu kiçik məqamları tapmaq, təhlil etmək və rəqibə qarşı düzgün strategiya qurmaqdır. Hər oyunda maksimum nəticə qazanmağı hədəfləyirik. Üç xal əldə edə bilməyəndə isə təbii ki, narazı və məyus oluram. Növbəti oyunlarda da bu istiqamətdə çalışmağa davam edəcəyik.



No Comment! Be the first one.