Yamal itirdi, Puxaç qazandı
İspaniya “Barselona”sı “Sabah”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında uğursuz seriyaya son qoya bilər.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisi qrup və Liqa mərhələlərində keçirdiyi son 12 səfər matçının hər birində qol buraxıb.
“Barselona”nın qrup və Liqa mərhələlərindəki son 22 matçının hər birində azı 3 qol vurulub. Həmin görüşlərdə ümumilikdə 105 qol qeydə alınıb. Bu isə hər oyuna orta hesabla 4,77 qol deməkdir.
“Sabah”ın UEFA turnirlərində keçirdiyi 13 ev matçının heç biri heç-heçə ilə başa çatmayıb. Azərbaycan təmsilçisi bu görüşlərin 8-də qələbə qazanıb, 5-də məğlub olub. Komandanın UEFA turnirlərindəki 26 matçının heç biri qolsuz yekunlaşmayıb.
“Barselona”nın hücumçusu Rafinya isə klubun Çempionlar Liqasındakı bombardirlər siyahısında Robert Levandovski ilə birlikdə 23 qolla 3-cü yeri bölüşür. Bu göstəricidə yalnız Lionel Messi (120) və Luis Suares (25) onları qabaqlayır. Braziliyalı futbolçu son 26 Çempionlar Liqası matçında 23, son 4 görüşdə isə 6 qol vurub.
Qarşılaşma öncəsi maraqlı məqamlardan biri də Timoş Puxaçla Voyçex Şensnı arasındakı tanışlıqdır. “Sabah”ın müdafiəçisi və “Barselona”nın qapıçısı Polşa millisində komanda yoldaşı olublar. Onlar sonuncu dəfə 2024-cü ilin martında eyni vaxtda meydanda çıxıblar.
Puxaç Yamala qarşı Bakıda oynama şansını itirsə də, yığmadakı komanda yoldaşını yenidən görməsinə sevinə bilər. Əvəzində isə “Barselona”nın vunderkindi Bakıya gəlməməklə, Çempionlar Liqasında 15 qol həddinə çatan ən gənc futbolçu olma şansını ertələyib. Hazırda rekord Erlinq Haalandın adına məxsusdur. Norveçli hücumçu bu göstəriciyə 20 yaş 126 günlüyündə nail olub. Yamal isə qarşılaşma günü 19 yaş 135 günündə olacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.


No Comment! Be the first one.