Keçmiş dünya çempionu 10 günlük həbsdən sonra azadlığa buraxıldı
Üç çəki dərəcəsində keçmiş dünya çempionu olan venesuelalı boksçu Xorxe Linares ABŞ-da 10 gün saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Sportify.az xəbər verir ki, bu barədə “World Boxing News” məlumat yayıb.
41 yaşlı idmançı noyabrın 15-də Texas ştatının El-Paso şəhərindəki hava limanında ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən saxlanılıb. Qurumun nümayəndələri Linaresin ABŞ-da qalmaq üçün icazə verilən müddəti aşdığını bildiriblər. Boksçunun vəkilləri isə onun ölkədə qanuni əsaslarla olduğunu və hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini vurğulayıblar.
Noyabrın 16-da Ümumdünya Boks Assosiasiyasının (WBA) prezidenti Xilberto Mendoza da Linaresin saxlanıldığını təsdiqləyib və onun işi ilə immiqrasiya məsələləri üzrə vəkillərin məşğul olduğunu açıqlayıb.
Xorxe Linares 2023-cü ilin oktyabrında peşəkar karyerasını başa vurub. O, yarım yüngül çəkidə WBC, ikinci yarım yüngül çəkidə WBA, yüngül çəkidə isə WBC və WBA çempionluq kəmərlərinə sahib olub.
Karyerası ərzində 56 döyüş keçirən venesuelalı boksçu 47 qələbə qazanıb (29-u nokautla), 9 dəfə isə məğlub olub.



No Comment! Be the first one.