Hansi Flik: “Sabah” La Liqa komandalarından biri ola bilər
İspaniya “Barselona”sının baş məşqçisi Hansi Flik “Sabah”la UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– “Sabah” haqqında kifayət qədər məlumatımız yoxdur. Komandanı təhlil etdiyinizi nəzərə alsaq, sabah hansı rəqiblə qarşılaşacağınızı gözləyirsiniz? “Sabah”ın ən təhlükəli cəhətləri hansılardır və nələrə diqqət yetirməlisiniz?
– “Sabah” futbol oynamağı həqiqətən sevən komandadır. Onların aydın oyun planı var və müdafiədən çıxış edərkən çox cəsarətli davranırlar. Buna görə də sabah bizim üçün ən vacib məsələ meydana düzgün yanaşma ilə çıxmaqdır. Komandamdan məhz bunu görmək istəyirəm. Bu, Çempionlar Liqasıdır və biz hər rəqibə hörmətlə yanaşırıq. Bu, çox vacibdir.
– Lamin Yamalı Bakıya gətirməmək qərarını necə verdiniz? O, özünü tam hazır hiss etmədiyini bildirdi, yoxsa əvvəlki narahatlığından sonra ona istirahət verməyi özünüz məqsədəuyğun hesab etdiniz? Onun yoxluğunda sabah nəyi fərqli etməlisiniz?
– İlk növbədə qeyd edim ki, əvvəllər də Lamin Yamalsız oynamışıq. Buna görə də necə hərəkət etməli olduğumuzu bilirik. Bununla belə, Lamin bizim üçün çox vacib futbolçudur. Dünən səhər onun vəziyyətini yoxladıq və Bakıya gəlməməsinin daha yaxşı olacağına qərar verdik. Ümid edirəm ki, hər şey qaydasındadır və ciddi problem yoxdur.
– Qavi, Balde və Qabriel Jezuş kimi son oyunlarda çox meydana çıxmayan futbolçuların Lamin Yamalın mövqeyində oynamaq ehtimalı varmı? Artıq qərar vermisiniz?
– Hələ qərar verməmişəm. Bu, normaldır. Bu gün keçirdiyimiz məşqin sabahkı heyətə təsiri yoxdur. Sabah vəziyyət fərqli olacaq. Dəyişikliklər və rotasiyalar edə bilərik.
İlin sonuna qədər bizi daha 8 oyun gözləyir. Buna görə də bəzi futbolçulara daha çox, digərlərinə isə daha az oyun vaxtı vermək vacibdir. Bu prosesi düzgün idarə etməyə çalışacağıq.
– Frenki de Yonq son həftələrdə komandanın ona ehtiyacı olduğu istənilən mövqedə oynamağa hazır olduğunu deyib. Onun bu yanaşmasını necə qiymətləndirirsiniz? Onu yarımmüdafiəçi, yoxsa müdafiəçi kimi görürsünüz?
– Bu, mənim üçün komanda oyunçusunun göstəricisidir. O, komandasına kömək etmək üçün əlindən gələni etməyə hazır olan futbolçudur. Ən çox xoşuma gələn cəhəti də budur.
Hamımız bilirik ki, Frenki dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Mən onu yarımmüdafiəçi kimi görürəm və onun keyfiyyətlərinə bu mövqedə də ehtiyacımız var. Amma hazırda sabah onu harada istifadə edəcəyimizə baxacağıq. Onun yenidən komandaya qoşulmasına və öz səviyyəsində çıxış etməsinə sevinirəm.
– Pau Kubarsinin “Vilyarreal”la oyunda iştirak etməməsinin səbəbi nə idi? O, sabahkı matça hazırdırmı?
– O, oynaya bilər. Sərəncamımızdadır. Pau ilə bağlı vəziyyət belədir ki, əvvəlcə onun iki oyunu buraxacağını düşünürdük. Bunlardan biri “Vilyarreal”la qarşılaşma, digəri isə sabahkı matçdır.
Hələ tam hazır deyil. Bu, ciddi problem və ya təhlükəli zədə deyil, sadəcə, bərpa prosesi bir qədər uzun çəkə bilər. Sabah onsuz oynaya bilsək, bunu edəcəyik. Ona ehtiyacımız olsa, meydana çıxmağa hazırdır.
– “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bildirib ki, futbolçularını “Barselona” ilə oyuna motivasiya etmək çətin deyil. Çünki “Barselona”ya qarşı motivasiya olmaqda çətinlik çəkən futbolçular yanlış komandadadırlar. Sizcə, öz futbolçularınızı bu oyuna kökləmək daha çətindir?
– Xeyr, belə düşünmürəm. “Barselona”da çıxış edəndə bu cür oyunların nə qədər vacib olduğunu bilirik. Sabah üç xal qazanmaq bizim üçün önəmlidir. Rəqibin bütün futbolçularının bu oyuna 100 faiz motivasiya ilə çıxacağını bilirəm. Bizim futbolçularımızdan da eyni münasibəti və mentaliteti gözləyirəm.
– “Vilyarreal”la oyunda hakimliklə bağlı narazılığınız diqqət çəkdi. Bu vəziyyətdə ehtiyat oyunçular skamyasından nə edə bilərsiniz? Komandada gərginliyin yaranmaması, futbolçuların sarı və qırmızı vərəqə almaması üçün nəyi dəyişmək mümkündür?
– Düşünürəm ki, həmin vaxt meydandan kənarda və ehtiyat oyunçular skamyasında çox emosional idik. Bunu görmək mümkün idi. Bizim üçün vacib olan geri dönüş etmək idi. Oyunda bəzi epizodlar var idi ki, biz onları fərqli qiymətləndirirdik, lakin hakim öz qərarını verdi. Məncə, onun qərarları düzgün deyildi.
Dördüncü hakimə də öz fikirlərimizi bildirdik. Çünki bu məsələlərə görə o da məsuliyyət daşıyır. Düşünürəm ki, baş hakim yaxşı idarəçilik nümayiş etdirmədi. Hakimlər federasiyası da bu məsələlərə diqqət yetirməlidir.
Hamımız eyni sahədəyik və mən də hakimlərə kömək etməyə çalışıram. Ancaq onların da bizi başa düşməsi vacibdir. Burada əsas məsələ aydın ünsiyyətdir. Bəzən danışıq zamanı səs tonu yüksələ bilər, amma vacib olan hər iki tərəfin bir-birini anlamasıdır.
Mən bir çox dördüncü hakimə hörmət edirəm. Onlar çox yaxşı iş görürlər. Ünsiyyət qurmaq, bir-biri ilə bərabər səviyyədə danışmaq lazımdır. Kiminsə özünü digərindən üstün tutması düzgün deyil. Bu məsələlər barədə danışmalı və vəziyyəti yaxşılaşdırmalıyıq. Əlbəttə, biz də öz tərəfimizdən nələrisə dəyişə bilərik.
Ehtiyat oyunçular skamyasında da iki sıra var. Emosional futbolçuları, məsələn, Fermin Lopes kimi oyunçuları sonuncu sırada əyləşdirməyi düşünürük. Belə olduqda onların meydana yaxınlaşması üçün bir qədər çox məsafə yaranacaq. Onun qırmızı vərəqə alması xoş deyil. Qarşıda çox vacib oyunlarımız var. Bazar günü də önəmli qarşılaşmamız olacaq. Amma sabahkı matçda iştirak edə bilərik.
– “Vilyarreal”la son oyunda penaltini əvvəlcə Rafinya vurmalı idi, lakin zərbəni Lamin Yamal yerinə yetirdi və fürsəti qaçırdı. Paltardəyişmə otağında bu məsələni müzakirə edəcəyinizi bildirmişdiniz. Artıq danışmısınızmı? Hər hansı qərara gəlmisiniz?
– Hələ onunla danışmamışam. Çünki sabahkı oyun üçün bu imkanımız yoxdur. Lamin Barselonadadır və penaltini yerinə yetirə bilməyəcək. Bu barədə danışacağıq.
Bu vəziyyətdən nəticə çıxarmalı və gələcəkdə daha yaxşı etməliyik. Belə hallar futbolda baş verə bilər. Bu, futbolçuların ilk dəfə penalti qaçırması deyil.
Mənim üçün ən vacib məqam ilk hissədən sonra komandanın göstərdiyi reaksiyadır. İlk yarıda çox şey sınadıq, amma heç nə alınmadı. İkinci hissədə isə futbolçuların istəyi, sürəti və intensivliyi möhtəşəm idi. Komandamdan məhz belə çıxış gözləyirəm. Onların göstərdiyi oyundan razı qaldım.
– “Sabah” və “Barselona”nın oyun üslubu, futbol fəlsəfəsi baxımından müəyyən oxşarlıqları var. Sabahkı qarşılaşmada azarkeşlər hansı oyunun şahidi olacaqlar? “Sabah”ı komanda kimi və oyun üslubuna görə necə qiymətləndirirsiniz?
– Bu məsələni analitikimiz və məşqçilər korpusumuzla müzakirə etmişik. Düşünürük ki, “Sabah” topla oynamaq baxımından La Liqa komandalarından biri ola bilər. Onlar həqiqətən yaxşı futbol oynayırlar.
La Liqa komandalarının çıxışını yüksək qiymətləndirirəm. Orada futbol fəlsəfəsi çox yaxşıdır və hər komanda necə futbol oynadığını dəqiq bilir. “Sabah”da da vəziyyət eynidir.
Sabah bizim üçün ən vacib məsələ düzgün yanaşma və yüksək intensivliklə oynamaqdır. Futbolçularımdan məhz bunu görmək istəyirəm.



No Comment! Be the first one.