Hansi Flik: Buraxdığımız qoldan məmnun qalmadım
“Birinci hissədə 70 faizdən çox topa sahib idik. Buraxdığımız qoldan məmnun qalmadım. Çox asan vəziyyətdən top buraxdıq. Bunun üzərində dayanmalıyıq. Amma nəticədə 3 xalı aldıq və fikrimcə, bu, bizim üçün vacib xallardır”.
Sportify.az xəbər verir ki, bunu İspaniya “Barselona”sının baş məşqçisi Hansi Flik Bakıda “Sabah” komandasına 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssisin sözlərinə görə, ikinci hissədə meydanda daha intensiv oyun gedib: “Oyunun sonlarında əlimizdən gələni etdik ki, hesabı qoruyaq”.
Flik bildirib ki, fasilə zamanı etdiyi dəyişikliklər ilk yarıda çıxış etmiş futbolçuların zəif çıxış etmələri anlamına gəlməməlidir: “Sadəcə, istədik ki, oyunçulara daha yaxşı şans verək. Bu oyunda nəzarət bizdə idi və dediyim kimi, vacib qələbə əldə etdik”.
Təcrübəli baş məşqçi ikinci hissədə oyuna daha çox nəzarət edərək, daha çox qol vurmalarına diqqət çəkərək, nəticədən məmnunluq ifadə edib: “Bəlkə də 3 xal kiməsə normal görünə bilər. Amma heç də asan deyil”.
O, “Barselona”nın ən uzun səyahət təəssüratlarını da bölüşüb: “Açığı, çox şeyin şahidi olmadıq. Çox mükəmməl oteldə qalsaq da, çox gəzmək imkanımız olmadı. İnsanlar çox qonaqpərvər, çox mehribandırlar. Buradakı atmosferdən razı qaldım. Azərbaycana ilk səfərim deyil: Almaniya millisi ilə bura gəlmişəm. Dördüncü səfərimdir. İlk dəfə Almaniyanın U-17 yığmasında ikən gəlmişdim. Görürəm ki, necə təkmilləşmə, inkişaf var. Hər şeydə inqilabi dəyişikliklər hiss etdim. Bakı şəhəri gözəlləşib. Eyni zamanda, ümumi olaraq, dəyişiklik var”.
Flik “Sabah” barədə də xoş sözlər deyib: “Çempionlar Liqası dünyada ən yaxşı liqadır. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın fəlsəfəsi aydındır. Çox gözəl, qəhrəmancasına mübarizə apardılar. Çox gözəl anlar yaxaladılar. Bizə müəyyən mənada çətinliklər yaşatdılar. Mən çox sevinirəm ki, 3 xala sahib olduq. Eyni zamanda, “Sabah” komandasına, buradakı insanlara uğurlar arzulayıram. Çox vacibdir ki, inkişaf olsun. Görürəm ki, burada gözəl işlər görülür. Çox sağ olun”.



No Comment! Be the first one.