Ratomir Deliç: “İndiyə qədər ortaya qoyduğumuz işlərdən tam razıyam”
3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin və “Neftçi SOCAR” klubunun baş məşqçisi Ratomir Deliç mövsümün gedişi, milli komandanın çıxışı və klubun qarşıdakı hədəfləri barədə danışıb.
Sportify.az xəbər verir ki, mütəxəssis milli komandanın bu ilki çıxışını yüksək qiymətləndirib. O, xüsusilə Dünya Kuboku və Avropa Kubokunun təsnifat mərhələsində göstərilən əzmkarlığı vurğulayıb.
“Milli komandamız bu il indiyədək kifayət qədər uğurlu çıxış edib. Dünya Kubokunda yüksək performans göstərsək də, təəssüf ki, turniri tam heyətlə başa vura bilmədik və son gün bizim üçün xüsusilə çətin keçdi. Buna baxmayaraq, hətta 3 oyunçu ilə belə, xüsusən yarımfinalda əsl əzmkarlıq nümayiş etdirdik.
Avropa Kubokunun təsnifat mərhələsi də bizim üçün unudulmaz oldu. İki möhtəşəm gün geridə qoyduq və yenə də 3 basketbolçu ilə vacib qələbə qazandıq. Mövsüm ərzində üzləşdiyimiz zədə problemlərinə rəğmən, qızların bütün çətinliklərə sinə gərərək mübarizə aparması və nəticə qazanması qürurvericidir”, – deyə Deliç bildirib.
Baş məşqçi qarşıda milli komandanı mühüm turnirin gözlədiyini və əsas məqsədin meydana yüksək motivasiya ilə çıxmaq olduğunu qeyd edib:
“Önümüzdə hələ çox vacib bir turnir var və orada da özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Həmişə dediyim kimi, meydana tam diqqət və yüksək enerji ilə çıxsaq, nəticədən asılı olmayaraq komandamla fəxr edəcəyəm”.
Deliç “Neftçi SOCAR”ın da mövsüm ərzində ciddi zədə problemləri ilə üzləşdiyini, lakin komandanın bu sınaqdan uğurla çıxdığını söyləyib.
“‘Neftçi’ bu mövsüm ciddi zədə fəsadları ilə qarşılaşdı. Lakin bu sınaqdan üzüağ çıxa bildik. Bu proses bir komanda olaraq böyüdüyümüzü və yeni transferlərin komandaya adaptasiyasını necə sürətləndirdiyimizin sübutudur. Yeni gələnlərin kollektivə bu dərəcədə tez uyğunlaşması həqiqətən təsirlidir. Sanki onlar illərdir bu komandanın bir parçasıdırlar”.
Mütəxəssis klubun əsas hədəfinin Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq olduğunu açıqlayıb:
“‘Neftçi’ üçün əsas hədəf Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaq və orada maksimum nəticə göstərməkdir. Hesab edirəm ki, müntəzəm mövsümün sonunda ilk 2 pillədən birini tutmaq üçün hələ də real şanslarımız var və bu, bizə böyük uğur gətirə bilər.
Bu həftəsonu Azərbaycanda keçiriləcək yarışda meydana yenidən bir-biri ilə oynamamış yeni heyətlə çıxacağıq. Buna baxmayaraq, tam hazır vəziyyətdəyik. Hazırda ən vacib məqam gələn ayın əvvəlindəki həlledici matçlara addım-addım hazırlaşmaqdır”.
Deliç Azərbaycan millisinin Olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda mübarizədə də yaxşı mövqedə olduğunu bildirib.
“Milli komanda olaraq Olimpiya təsnifat turnirlərinə vəsiqə uğrunda mübarizədə də yaxşı mövqedəyik. Bu, bizim uzunmüddətli əsas hədəfimizdir. Bir sözlə, bu mövsümə və indiyə qədər ortaya qoyduğumuz işlərdən tam razıyam”, – deyə baş məşqçi vurğulayıb.



No Comment! Be the first one.