Ayxan Abbasov: “Sabahın Ulduzları”ndan bir çox istedad üzə çıxıb
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turnirinin əhəmiyyətindən danışıb.
Sportify.az xəbər verir ki, təcrübəli mütəxəssis yeniyetmə futbolçuların belə turnirlərdə iştirakının vacib olduğunu bildirib.
Abbasov qeyd edib ki, “Sabahın Ulduzları” layihəsi artıq bir çox istedadlı futbolçunun üzə çıxmasına şərait yaradıb:
“Yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir. “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar”.
Milli komandanın baş məşqçisi belə turnirlərin yığma məşqçilərinə də yeni istedadları izləmək imkanı verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu futbolçuların gələcəkdə peşəkarlaşmasına dəstək göstərmək vacibdir.
Ayxan Abbasov valideynlərə də çağırış edib. O, övladlarında futbol istedadı görən valideynlərin onlara inanmasının və daim dəstək verməsinin önəmini qeyd edib.
Mütəxəssis akademiyalarda çalışan məşqçilərin rolunu da xüsusi vurğulayıb:
“Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür”.
Abbasov sonda Azərbaycan futbolunun inkişafı ilə yanaşı, gənc futbolçuların yetişdirilməsində iştirak edən məşqçilərin sayının və imkanlarının da artırılmasının vacibliyini bildirib.



No Comment! Be the first one.